Komitədə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları


35 nömrəli əmr 2008-ci il 22 fevral


“Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış
Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını təsdiq etmək məqsədilə

Ə M R      E D İ R Ə M:

1. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi Aparatın rəhbərinə həvalə olunsun.
3. Aparatın rəhbəri T.Məmmədova tapşırılsın ki:
-- bu əmrin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini;
-- Komitədə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarının ictimaiyyətə çatdırılması və onların məlumatlandırılması məqsədilə bu əmrin 1-ci bəndi ilə təsdiq edilmiş qaydaların qısa versiyasının qəbul otağında yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbəyə tapşırılsın ki, əmrin surətinin Aparatın rəhbərinə, kadr işi üzrə baş məsləhətçiyə, mərkəzi aparatın şöbələrinə və tabe departamentlərə verilməsini təmin etsin.

    Baş nazirin müavini.
    Dövlətqaçqınkomun sədri      
                                                                                                                                                         Ə.Həsənov



Azərbaycan Respublikasının Qaçqınların və
Məcburi Köçkünlərin işləri üzrə Dövlət
Komitəsinin 2008-ci il 22 fevral tarixli
35 nömrəli əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları

I. Ümumi müddəalar

1. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində (bundan sonra – Komitə) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.

2. Dövlət qulluqçuları qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.

3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Komitənin nüfuzunun artırılması, Komitəyə və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Komitədə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, Komitədə qulluq keçən dövlət qulluqçuları (bundan sonra – dövlət qulluqçusu) tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, Komitənin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi olmuşdur.

II. Komitədə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları

4. Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə və iş vaxtından səmərəli istifadə etməyə borcludur.
Komitədə qulluq keçən dövlət qulluqçuları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
5. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində, peşəkarlıq səviyyəsində yerinə yetirməli, Komitəyə daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə baxmalı, məsələləri qanunvericiliyə müvafiq olaraq araşdırmalıdır.
Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Komitəyə və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Dövlət qulluqçusu öz hərəkətləri ilə və qəbul etdiyi qərarlar ilə insanların haqlı tənqidinə şərait yaratmamalı, tənqidə dözümlə, səbirlə yanaşmalı, haqlı tənqiddən fəaliyyətinin təkmilləşdirilməsində və catışmamazlıqların aradan qaldırılmasında səmərəli istifadə etməlidir.
6. Dövlət qulluqçusunun xidməti vəzifəsinə aid olmadığı halda, Komitənin və digər dövlət orqanlarının, həmçinin Komitənin və həmin orqanların rəhbərliyinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Komitənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Dövlət qulluqçusu Komitə tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Dövlət qulluqçusu tərəfindən müzakirələr etik davranış qaydalarına riayət edilərək, dövlət qulluğunun nüfuzuna xələl gətirmədən aparılmalıdır.
Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
7. Dövlət qulluqçusu bütün fəaliyyət dövründə şəxsin, cəmiyyətin və dövlətin qarşısında dövlət qulluqçusu andına sadiq olmalı və vəzifə funksiyalarını həyata keçirərkən bu anda uyğun olan davranış nümayiş etdirməlidir.
Dövlət qulluqçusu Azərbaycan Respublikasının, Komitənin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluğu ilə bağlı dövlət orqanlarının və dövlət qulluqçularının səmərəli fəaliyyətinə mane olan hərəkətlərin qarşısını almağa, öz adını və şərəfini uca tutmağa borcludur.
Dövlət qulluqçusu işə münasibətində şəxsi keyfiyyətləri, davranışı ilə kollektivdə xoş və qarşılıqlı işgüzar münasibətlərin qurulmasına köməklik göstərməlidir.
Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Dövlət qulluqçusu Komitənin və Komitənin vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
8. Dövlət qulluqçusunun fəaliyyəti insanların irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına, qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu öz vəzifəsinin icrası prosesi, qaçqın və məcburi köçkünlərin, o cümlədən vətəndaşların müraciətlərinə baxılması, Komitə tərəfindən həyata keçirilən tədbirlər zamanı, həmçinin Komitəyə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
Dövlət qulluqçusu təqdim olunmuş müraciətlərin baxılması zamanı süründürməçiliyə yol verməməlidir.
Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Dövlət qulluqçusu Komitənin fəaliyyətinə mənfi təsir göstərən və ya mənfi təsir göstərə biləcək maraqların qruplaşmasına (lobbiləşməsinə) yol verməməlidir.
9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbərliyi ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı, digər dövlət qulluqçularına qarşı əsassız ittihamlar irəli sürməməli, kobudluq və sərtlik hallarına yol verməməlidir.
Dövlət qulluqçusu xidmət zamanı işgüzar ( rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.
10. Birbaşa və ya yuxarı rəhbər tabeliyində olan dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq, üzərinə düşən məqsəd və funksiyalarının həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqları verməməli və onlardan xidməti vəzifələrindən kənara çıxan tapşırıqların yerinə yetirməsini tələb etməməlidir.
Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

11. Dövlət qulluqçusu öz vəzifəsinin icrası prosesi, qaçqın və məcburi köçkünlərin, o cümlədən vətəndaşların müraciətlərinə baxılması, Komitə tərəfindən həyata keçirilən tədbirlər zamanı, həmçinin Komitəyə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli və bu zaman siyasi bitərəfliyə əməl etməlidir. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
Dövlət qulluqçusu qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitıərinin yaxşılaşdırılması tədbirlərinin, o cümlədən həmin kateqoriyadan olan şəxslər üçün qnunvericiliklə və digər normativ sənədlərlə nəzərdə tutulmuş təminatların şəffaflıq və obyektivlik əsasında həyata keçirilməsinə riayət etməli, qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericiliyin tətbiqinə nəzarəti qanunvericiliyə müvafiq həyata keçirməlidir.
12. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
Vətəndaşların müraciətlərinə baxılması, status sənədlərin qəbulu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən qaçqın və mcburi köçkünlər üçün tikilmiş qəsəbələrdə evlərin verilməsi, bölüşdürülməsi, köçürülməsi və s. zamanı Komitəyə həvalə edilmiş digər səlahiyyətləri həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.
13. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Komitəyə akt üzrə təhvil verilməlidir.
Tərəflərdən biri Komitə olan əqdlərdə Komitədə qulluq keçən dövlət qulluqçusu digər tərəf ola bilməz.
14. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
15. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusu qaçqın və məcburi köçkünlərin, o cümlədən vətəndaşların müraciətlərinə baxılmasından və ya qərar qəbul edilməsindən, Komitə tərəfindən həyata keçirilən tədbirlərdən, , habelə ona həvalə edilmiş digər səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
Dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə Komitə sədrinə məlumat verməlidir.
Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
16. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
17. Dövlət qulluqçusu Komitənin sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu Komitə tərəfindən müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
Dövlət qulluqçusu vətəndaşlar və digər dövlət orqanları tərəfindən daxil olmuş müraciətlərə baxılması, habelə Komitəyə həvalə edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
18. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
Dövlət qulluqçusuna Komitədə ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

III. Komitədə etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

19. Komitədə qulluq keçən dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.
Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Komitənin sədri - xidməti qaydada həyata keçirir
Komitədə etik davranış qaydalarına əməl olunmasına nəzarəti Aparatın rəhbəri və kadrlar şöbəsi həyata keçirir.
20. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Aşağıdakı hallarda Komitə sədrinin göstərişi əsasında kadrlar şöbəsi dövlət qulluqçusu barəsində intizam icraatına başlaya bilər:
“Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
Kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
Aparılmış intizam icraatının nəticələri Komitə sədrinə təqdim edilir. “Etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Komitə sədri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.
İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş Komitənin sədri bu barədə cinayət təqibi orqanına məlumat verir.
 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az