"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Bu Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Maddə 2. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər

Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.

Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar.

Maddə 3. Bu Qanunun qüvvəsi

Bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir.

Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur.

Maddə 4. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - "məcburi köçkünlər" adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir:
  • müvəqqəti yaşayış sahəsi ilə tə`min edilməsi;
  • məşğulluğun tə`min edilməsi;
  • sosial tə`minat;
  • tibbi tə`minat;
  • təhsil hüququnun tə`min edilməsi;
  • nəqliyyat və mənzil-kommunal güzəştləri;
  • vergi güzəştləri.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə tə`minatı

Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir.Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.

Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini tə`min etməlidir.

Maddə 6. Məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi

Məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Torpaq sahələrinin ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Məcburi köçkünlərin məşğulluğunun tə`min edilməsi

Məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən tə`min edilir. Dövlət məcburi köçkünlərin müstəqil olaraq işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır.

Məcburi köçkünlərin məşğulluğunun tə`min edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında kvota müəyyən edilməsi, yeni iş yerlərinin açılması və digər tədbirlərin görülməsi ilə həyata keçirilir.

Məcburi köçkünləri daimi işlə tə`min etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanları onların müvəqqəti və mövsümi işlərə cəlb edilməsini təşkil edirlər.

Məcburi köçkünlərin işə qəbulu zamanı əmək kitabçasının təqdim edilməsi məcburi deyil. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı bu şəxslər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər.

Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bank kreditləri verilə bilər.

Maddə 8. Məcburi köçkünlərin sosial tə`minatı

Məcburi köçkünlərin iş stajı və əmək haqqı barədə sənədləri olmadıqda onlara pensiya "Vətəndaşların pensiya tə`minatı haqqında" Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş qaydada tə`yin edilir.

Məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə sosial sığorta ödəmələri iş stajından asılı olmayaraq əmək haqlarının tam həcmində ödənilir.

Maddə 9. Məcburi köçkünlərə maddi yardımlar

Məcburi köçkünlərin birdəfəlik və mütamadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə tə`min edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.

Maddə 10. Məcburi köçkünlərin tibbi tə`minatı

Məcburi köçkünlərə tibbi xidmət bilavasitə məskunlaşdıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən göstərilir. Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir.
Məcburi köçkünlər dövlət tibb müəssisələrində birinci növbədə yerləşdirilirlər və tibbi xidmətin bütün növlərindən pulsuz istifadə edirlər.

Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları ilə pulsuz tə`min edilirlər.

Maddə 11. Məcburi köçkünlərin təhsil hüquqlarının tə`min edilməsi

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqlar dərsliklərlə və dərs ləvazimatı ilə pulsuz tə`min olunurlar.

Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər.

Maddə 12. Məcburi köçkünlərə nəqliyyat xidməti

Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin yaxınlıqdakı yaşayış məntəqəsinə gedib-gəlmələrinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələri ayırırlar. Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən məskunlaşma yerini dəyişdikdə, onların əmlakının daşınma xərcləri dövlət hesabına ödənilir.

Maddə 13. Mənzil və kommunal xidməti güzəştləri

Məcburi köçkünlər mənzil, kommunal xidmətlər (su təchizatı, qaz, elektrik enerjisi və s.) və telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını ödəməkdən azaddırlar.

Maddə 14. Məcburi köçkünlərə vergi güzəştləri

Məcburi köçkünlər gəlir vergisindən, şəxsiyyət vəsiqəsinin verilməsinə görə, habelə 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu və vergiləri ödəməkdən azaddırlar.

Maddə 15. Beynəlxalq müqavilələr

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
 
 
Bakı şəhəri, 21 may 1999-cü il
№ 669-IQ.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az