"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu

I fəsil. Ümumi müddəalar

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlır

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mə`naları daşıyır:
  • qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini e`tiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə tə`qiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;
  • məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər.

Maddə 2. Qaçqın statusunun verilmədiyi hallar

Aşağıdakılara qaçqın statusu verilmir:
 
  • beynəlxalq hüquqda tə`yin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə;
  • Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxsə;
  • Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə.
Maddə 3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin birinci hissəsinə və 109-cu maddəsinin 21-ci bəndinə uyğun olaraq verilir.

Maddə 4. Qaçqın statusu almaq istəyən şəxsin Azərbaycan Respublikasının ərazisinə buraxılması

Qaçqın statusu almaq istəyən şəxs Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sərhəd-nəzarət məntəqələrindən buraxılır.

Maddə 5.
Qanunsuz gəlməyə görə məs`uliyyətin tətbiq edilməməsi. Qaçqınların gəldikləri ölkəyə göndərilməməsi və ya məcburi qaytarılmaması

Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə başqa dövlətdən qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmiş və mümkün qədər tez müvafiq səlahiyyətli orqana müraciət etmiş şəxs həmin orqanın əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan məs`uliyyətdən azad edilir.

Qaçqın bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş səbəblərə görə onun həyat və ya azadlığını təhlükə gözləyən ölkəyə heç bir halda göndərilmir və ya məcburi qaytarılmır.
 
II fəsil. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu

Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri

Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar.

Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı tə`minatlar verilir:
  • iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu üç ay müddətində haqq ödəmədən yaşamaq;
  • haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq;
  • müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztə`minatlı və ailə başçısını itirmiş şəxslərin lazımi pulsuz dərman və tibb yardımı almaq;
  • uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində təhsil almaq;
  • yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq;
  • dövlətin tə`yin etdiyi birdəfəlik və digər yardım almaq;
  • tək pensiyaçıların və əmək qabiliyyəti olmayan əlillərin xüsusi sosial tə`minat müəssisələrində ilk növbədə yerləşdirilməsi;
  • bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq;
  • dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq;
  • pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək;
  • əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ.
Qaçqın statusu almış şəxs Azərbaycan Respublikasının qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan hüquqlardan istifadə edir və vəzifələri daşıyır.

Maddə 7. Qaçqınların yerli şəraitə uyğunlaşması və təbəəliyə keçməsi, onlara humanitar yardım verilməsi

Qaçqınların yerli şəraitə uyğunlaşması, təbəəliyə keçməsi, dili öyrənməsi, öz hüquq və vəzifələri ilə tanış olması üçün şərait yaradılır.

Qaçqın humanitar yardımdan istifadə edə bilər.

Qaçqın Azərbaycan Respublikasının vətəndaşlığını "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə əldə edir.

Maddə 8. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin başqa ölkəyə göndərilməsi

Bu Qanuna müvafiq surətdə qaçqın statusu və sığınacaq verilə bilməyən şəxs "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasından başqa ölkəyə göndərilə bilər.

III fəsil. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunun əldə edilməsi. Qaçqın statusunun itirilməsi

Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar

Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

Maddə 10. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatət qaldırılması qaydası

Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Maddə 11. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şəxsin hüquq və vəzifələri

Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxsə aşağıdakı hüquqlar verilir:
  • Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
  • müvəqqəti işə düzəlmək;
  • tibb yardımı almaq;
  • qaçqın statusu verilməsi məsələsi həll edilənədək, lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən pulsuz istifadə etmək;
  • öz dininə sərbəst e`tiqad etmək;
  • BMT-nin qaçqınların işləri üzrə ali komissarının nümayəndəsi ilə əlaqə saxlamaq.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxs:
  • qaçqın statusu verilməsi məsələsinin həlli üçün zəruri mə`lumatı Azərbaycan Respublikasının müvafiq orqanına təqdim etməli;
  • Azərbaycan Respublikasının ərazisində olmağın mövcud qanunvericiliklə müəyyənləşdirilmiş qaydasını gözləməli;
  • səhiyyə orqanlarının tələbi ilə tibbi müayinədən keçməlidir.
Qaçqın statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində mə`lumat verməkdən imtina edən və ya qaçqın statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış mə`lumat verən şəxsə qaçqın statusu verməkdən imtina edilir.

Maddə 12.
Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası

Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

Qaçqın statusu almış şəxsə və onun 16 yaşına çıtmış ailə üzvlərinə müəyyənləşdirilmiş nümunədə qaçqın vəsiqəsi, habelə qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüquqlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir.

Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi

Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə, bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı mə`lumat verilir.

Şəxsə qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

Şəxsin şikayət verməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.

Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi

Qaçqın statusunu şəxs aşağıdakı hallarda itirir:
  • vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
  • öz vətəndaşlığından məhrum olub, onu könüllü surətdə yenidən əldə etdikdə;
  • Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə; * tə`qiblərdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
  • qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə (vətəndaşı olduqları dövlətin himayəsindən imtina etmək üçün əvvəlki tə`qiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla);
  • müəyyən vətəndaşlığı olmayan şəxs onun qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə əvvəl, adətən, yaşadığı ölkəyə qayıda bildikdə (əvvəl, adətən yaşadıqları ölkəyə qayıtmadan imtina etmək üçün əvvəlki tə`qiblərdən irəli gələn kifayət qədər əsaslar gətirə bilən qaçqınlar istisna olmaqla).
Qaçqın daimi yaşayış üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə Azərbaycan Respublikasının həmin qaçqın barəsində öhdəlikləri onun Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi andan itirilir.

Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
  • əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada tə`min edildikdə;
  • bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə tə`min edildikdə.
Maddə 15. Qaçqın statusundan məhrum etmə və qaçqınların başqa ölkəyə göndərilməsinin, verilməsinin və ya məcburən qaytarılmasının qadağan edilməsi

Qaçqın statusundan şəxs aşağıdakı hallarda məhrum edilir:
  • dövlət təhlükəsizliyi və ya ictimai qayda üçün qorxu törətdikdə;
  • qaçqın statusunu bilərəkdən yalan mə`lumat və ya saxta sənədlər təqdim etmək nəticəsində əldə etmiş olduqda;
  • ağır cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edildikdə.
Qaçqın statusu almaq üçün ərizə vermiş şəxs onun məsələsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilənədək başqa ölkəyə göndərilə bilməz, verilə və ya məcburən qaytarıla bilməz.

Qaçqın statusundan məhrum etmək, qaçqını, eləcə də qaçqın statusu istəyən şəxsi başqa ölkəyə göndərmək, vermək və ya məcburən qaytarmaq barəsində qərarı məhkəmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında qəbul edir.

Maddə 16. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) işə düzəlməsi

Müvafiq icra hakimiyyəti orqanları qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) iş yeri seçməkdə kömək göstərirlər.

Fasiləsiz iş stajının bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni iş yerində həyata keçirilir.

Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) ixtisasını artırması və ya yeni peşə öyrənməsi ilə əlaqədar istehsalatdan ayrıldığı dövrdə ona yeni iş yerində yeni ixtisası üzrə orta əmək haqqı ödənilir. İstehsalatdan ayrılmadan ixtisasını dəyişməklə əlaqədar bütün istehsal dövrü üçün əmək haqqındakı fərqi qaçqına və ya məcburi köçkünə (ölkə daxilində köçürülmüş şəxsə) onunla əmək müqaviləsi bağlamış idarə, müəssisə və təşkilat ödəyir.

Maddə 17. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) yaşayış sahəsi ilə tə`min edilməsi

Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə tə`min edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.

Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadə üçün torpaq sahəsi verilir.

Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satınalarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir.

Maddə 18. Qaçqınlardan vergi tutulması

Qaçqınlar yalnız Azərbaycan Respublikasının vətəndaşlarından tutulan vergi və rüsumlara cəlb olunurlar.

Bu maddənin birinci hissəsi müvafiq inzibati sənədlərin verilməsi ilə əlaqədar tutulan rüsumlara şamil edilmir.


IV fəsil. Yekun müddəaları

Maddə 19. Bu Qanunun pozulmasına görə məs`uliyyət

Bu Qanunun pozulmasına görə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs`uliyyət daşıyırlar.

Maddə 20. Qaçqın problemlərinə dair beynəlxalq əməkdaşlıq

Qaçqınlar və məcburi köçkünlər (ölkə daxilində köçürülmüş şəxslər) probleminin yaranması səbəblərinin aradan qaldırılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və hüquqi statusunun təkmilləşdirilməsi, habelə qaçqınların daimi yaşadıqları ölkəyə könüllü surətdə qaytarılması məqsədilə Azərbaycan Respublikası başqa dövlətlərlə, beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı İdarəsi ilə əməkdaşlıq edir.

Maddə 21. Bu Qanunun qüvvəyə minməsi qaydası

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 21 may 1999-cü il
№ 668-IQ.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az