BMT-nin Təhlükəsizlik Şurasının 884 saylı Qətnaməsi

     Qətnamə 884 (1993)
     12 noyabr 1993-cü il
     Təhlükəsizlik Şurası,
     30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,
     Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,
     ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri
( S/26718) nəzərə alaraq,
     Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
     Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,
     Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
     Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək,
     Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

     
1. Tərəflər arasında əldə edilmiş atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların yenidən başlanmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
     
2.Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
     
3.ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;
     
4.Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə”2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
     
5.Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə “Yeniləşdirilmiş cədvəl” kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
     
6.Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;
     
7.Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
     
8.Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin təqdim olunmasının  davam etdirilməsini xahiş edir;
     
9.Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az