Məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif beynəlxalq humanitar təşkilatlar erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bir sıra proqramlar həyata keçirmişdir. Beynəlxalq humanitar təşkilatların bir qisminin ölkəmizdə humanitar yardım göstərməsi üçün müəyyən edilmiş müddət başa çatdığına görə onlar məcburi köçkünlərə yardım göstərilməsini dayandırmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında məcburi köçkünlərin ərzaq təminatında yaranmış problemləri həll etmək və Azərbaycan dövlətinin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində əldə edilmiş vəsaitdən məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün istifadə olunmasını məqsədəuyğun hesab edərək qərara alıram:

1. Beynəlxalq humanitar təşkilatların xəttilə ərzaq yardımı dayandırılmış 157 min 258 nəfər məcburi köçkünün ərzaq təminatını ödəmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2002-ci ilin may ayından etibarən cari ilin sonunadək hər ay Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xüsusi hesabına 2 milyard 516 milyon manat vəsait köçürsün.

2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz hesabına daxil olan 2 milyard 516 milyon manat məbləğində vəsaitə hər ay zəruri ərzaq mallarının müəyyən edilmiş norma üzrə alınmasını və onun 157 min 258 nəfər məcburi köçkünün arasında paylanmasını təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2002-ci il
№ 921

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az