"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydasını təsdiq etsin;

həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsinin qaydasını təsdiq etsin və həmin hissədə nəzərdə tutulmuş "Müvafiq icra hakimiyyəti orqanlar"ı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydalarını və şərtlərini təsdiq etsin;

həmin Qanunun 7-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə bank kreditlərinin verilməsi qaydasını təsdiq etsin;

həmin Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi qaydasını təsdiq etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin;

2. Müəyyən edilsin ki:

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 6-cı maddəsində, 7-ci maddəsinin beşinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində və 10-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetin həyata keçirir;

həmin Qanunun 7-ci maddəsinin birinci və üçüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;

həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "Müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

həmin Qanunun 12-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 12-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "Müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirir.


Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 8 iyul 1999-cu il

№ 149

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az