|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
2009-cu il 20 noyabr tarixdə Goranboy rayonunda Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün tikilmiş yeni qəsəbənin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşan məcburi köçkünlər, aşıqlar və incəsənət ustaları dövlətimizin başçısını hərarətlə, xoş musiqi ilə qarşıladılar. Məlumat verildi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından zor gücünə qovularaq məcburi köçkünə çevrilən soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. İndiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 18 min 121 evdən ibarət 62 qəsəbə salınmış, bu qəsəbələrə 82 min qaçqın və məcburi köçkün köçürülmüşdür. Beləliklə, çadır düşərgələri ləğv edilmişdir. Goranboy rayonunun Veyisli kəndi yaxınlığında inşa edilən yeni qəsəbə də kəlbəcərli məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması yolunda mühüm addımdır. Vaxtilə ulu öndər Heydər Əliyev də Goranboya səfəri zamanı Aşağı Ağcakənd kəndində məcburi köçkünlər üçün yeni qəsəbənin açılışında iştirak etmişdi. Dövlətimizin başçısına məlumat verildi ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Qəsəbə Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınmışdır. Qəsəbənin tikintisinə bu ilin iyununda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə başlanmışdır. Qısa müddətə tikilmiş qəsəbə üçün 120 hektar ərazi ayrılmışdır. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış sahəsi isə 19.445 kvadratmetrdən çoxdur. Evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördotaqlıdır. Qəsəbədə bütün zəruri infrastruktur yaradılmışdır. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil elektrik stansiyası tikilmiş, bütün evlər təbii qazla təchiz olunmuşdur. Prezident İlham Əliyev qəsəbədə tikilmiş evlərə baxdı. Dövlətimizin başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak etdi. Burada şagirdlərin təhsili üçün hər cür şərait yaradılmışdır. Məktəb zəruri avadanlıq və inventarla təchiz olunmuş, bütün siniflər əyani vasitələrlə təmin edilmişdir. Məktəbin idman zalında şagirdlərin fiziki sağlamlığı üçün hər cür şərait yaradılmışdır. Kompyuter sinfində müasir kompyuterlər quraşdırılaraq internetə qoşulmuşdur. Məktəbdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan Kəlbəcər sakinlərinin xatirəsi əziz tutulur, yetişməkdə olan nəslə onların şücaətindən söhbət açılır. Prezident İlham Əliyev məktəblə tanışlıqdan sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşərək çıxış etdi. |
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Elektron ünvan: info@refugee.gov.az |
||||||||||||