Azərbaycanlı deputat  AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ sədrinə məcburi köçkünlərlə bağlı sual ünvanlamışdır. 27.1.2010
Azərbaycanlı deputat AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ sədrinə məcburi köçkünlərlə bağlı sual ünvanlamışdır.
     Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumun Nazirlər Komitəsi sədrinin hesabatı dinlənilmişdir.
     İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin rəhbəri, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Mişelin Kalmi-Rey başçılıq etdiyi qurumun sessiyalararası fəaliyyəti barədə məlumat vermiş və ənənəvi olaraq deputatların yazılı və şifahi suallarını cavablandırmışdır.
     Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli sədrə belə bir sualla müraciət etmişdir: “Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilmişdir. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından didərgin düşmüş 700 mindən artıq məcburi köçkün seçki hüququndan məhrum olduqları üçün onlar bu prosesdə iştirak edə bilməmişdir. Bununla bağlı Avropa Şurası yenədəmi fəaliyyəti hələlik lazımi səmərə verməyən ATƏT-in Minsk qrupuna istinad edəcəkdir? Məgər azərbaycanlı qaçqınların probleminin həlli istiqamətində Avropa Şurası qəbul etdiyi öz qətnamələrinin yerinə yetirilməsinə cəsarət nümayiş etdirə bilməzmi?”
     Xanım Mişelin Kalmi-Rey sualın cavabında bildirmişdir ki, azərbaycanlı qaçqınların öz doğma yerlərinə qayıtması üçün Minsk qrupu fəaliyyət göstərir. Məsələnin həlli yolunda müəyyən problemlər mövcuddur. Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində başqa bir format yaratmaq niyyətində deyildir. Avropa Şurası Minsk qrupunun işinə yalnız dəstək verə bilər. Qurum münaqişənin həlli üçün öz təsir mexanizmindən istifadə etməklə müəyyən iş apamağa çalışır.
     Bununla belə, Nazirlər Komitəsi konkret olaraq hansı işlərin görüləcəyi üzərindən sükutla keçmişdir.
     Bununla da sessiyanın ilk iş günü başa çatmışdır.
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az