Avstriya parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb 8.7.2017
Avstriya parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
İyulun 7-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avstriya parlamentinin deputatları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Əli Həsənov qonaqlara Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqları, işğal nəticəsində ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün problemi haqqında məlumat verib, bu kateqoriyadan olan soydaşlarımızın sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

Dövlət Komitəsinin sədri ermənilərin əzəli torpaqlarımıza köçürülməsi tarixindən danışıb. Prezident İlham Əliyevin bu münaqişənin sülh yolu ilə həlli istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlarda daim əsas tutulur və gec–tez doğma torpaqlarımızı azad edəcəyik. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların problemlərindən və onların həlli istiqamətində görülən tədbirlərdən danışan komitə sədri bu insanların qəlbinin həmişə Vətən həsrəti ilə döyündüyünü diqqətə çatdırıb.

“Azərbaycan çox qısa bir müddətdə dəyişə bildi. Çünki bir quruluşdan tamamilə başqa bir quruluşa keçdi, bununla da biz hər şeyi sıfırdan başladıq. Avropa, Qərb, digər ölkələr bizdən demokratik və insan hüquqlarını qoruyan bir cəmiyyət formalaşdırmağı tələb edir. Ancaq biz həyatda və təcrübədə görürük ki, hər şey əksinədir. Əsl demokratik ölkə olan Azərbaycan özüdür. Avropada miqrantlar hazırda çox pis vəziyyətdədir. Avropa bunun öhdəsindən gələ bilmir. Münaqişələrin sayı ildən-ilə artır. Təbii ki, belə olan halda qaçqınların da sayı artır. Belə çıxır ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz siyasi maraqlarını təmin etmək üçün münaqişələrin yaranma mexanizmindən məharətlə istifadə edirlər. Böyük dövlətlər yeni ərazilər uğrunda, yeni regionlara nəzarət mübarizəsi aparır. Əhalisinin sayına və ərazisinə görə kiçik olan dövlətlər isə belə zülmlər çəkir. Lakin Azərbaycan dövləti 1 milyondan çox qaçqın və məcburi köçkünü üçün gözəl şərait yaradıb”, - deyə Baş nazirin müavini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərdiyini bildirən Əli Həsənov deyib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində ardıcıl qərarlar qəbul edilir. Bu həssas məsələyə prinsipial yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Həmçinin Ordumuzda nizam-intizamın, qələbə əzminin yüksək səviyyədə olduğunu söyləyən Əli Həsənov vurğulayıb ki, bu gün nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox güclüdür. Qoşunların təmas xəttinə yaxın ərazilərdəki kəndlərin sakinlərinin xalqımızın qürur mənbəyi olduğunu vurğulayan Baş nazirin müavini onların təhlükəli yerdə, düşmənlə üz-üzə yaşadıqlarını, öz yerlərində möhkəm dayandıqlarını deyib.

Əli Həsənov diqqətə çatdırıb ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qarşıya konkret vəzifələr qoyulub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və yüksək keyfiyyətlə yerinə yetirilir.

Baş nazirin müavini deyib: “Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Problem indiyədək həll olunmayıb və bu, böyük ədalətsizlikdir. Bizim 1 milyondan çox insanımız 20 ildən çoxdur qaçqın və məcburi köçkün şəraitində yaşayır, onların hüquqları tapdalanır”.

Əli Həsənov, həmçinin Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktından da danışıb. O vurğulayıb ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri Ermənistan dövlətinin öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməməsinin daha bir sübutudur.

Avstriya Parlamentinin deputatı Yohanes Hübner ətraflı məlumat üçün təşəkkürünü bildirərək vurğulayıb ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O, Azərbaycanda məcburi köçkünlərin problemlərini hökumətin operativ həll etmək istəyini, bu sahədə görülən işləri təqdirəlayiq sayıb. Bildirib ki, beynəlxalq ictimaiyyətin problemə münasibəti böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Azərbaycan hökuməti qayıdışı hazırlamaqla bərabər, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmağa səy göstərir.

Sonra Baş nazirin müavini Əli Həsənov Avstriya Parlamentinin deputatlarının suallarını cavablandırıb.

Qeyd edək ki, iyulun 7-də qonaqlar Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində olublar.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az