İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşdülər. 29.8.2017
İndoneziyalı diplomatlar məcburi köçkünlərlə görüşdülər.
Ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin direktoru Ferdi Piayın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 29-da əvvəlcə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkür ediblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaradılan Azərbaycan modelinin artıq nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunduğunu vurğulayan Fuad Hüseynov indiyədək həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 min nəfər bu qəsəbələrə köçürülüb.
Fuad Hüseynov bildirib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramları təsdiq edilib.
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon tarix diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olub.
Sonra nümayəndə heyəti Yasamal rayonu ərazisində Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Adıgözəlova Xatirə Əli qızının mənzilində olub və ailə ilə söhbət ediblər. Söhbət əsnasında məcburi köçkünlər bildirib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm olaraq diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
Məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluqlarını ifadə edən İndoneziyalı qonaqlar söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildiriblər.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az