Hərtərəfli dövlət qayğısı yüksək qiymətləndirilir 25.10.2017
Hərtərəfli dövlət qayğısı yüksək qiymətləndirilir
Xətai rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı növbəti püşk atılıb


Oktyabrın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası çərçivəsində Xətai rayonunun Gəncə prospektindəki torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş binada məskunlaşan məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində püşkatma mərasimi keçirilmişdir. Həmin layihəyə uyğun olaraq Xəzər rayonu ərazisindəki «Energetika», Binəqədi rayonu ərazisindəki «Şəfəq» pansionatlarından sonra yuxarıdakı ünvanda yerləşən qəzalı binada məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilmişdir.
Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yuxarı göstəriciləri sırasındadır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Mehriban xanım Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, bu yaxınlarda isə «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki «Gənclər Şəhərciyi»ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.
Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən, bu istiqamətdə qazanılan təcrübənin dünyada bir model kimi qəbul olunduğundan söz açan G.Fərhadov həmçinin bidirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son illərdə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. O sonda bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxışlaşdırılmasını daim diqqətdə saxlayır, bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşırlar.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizov qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.
Sonra şəffaflığın tam təmin olunması, heç bir narazılıq hallarının yaranmaması məqsədilə məcburi köçkünlərə evlərin paylanmasında artıq tətbiqinə başlanılmış yeni üsulla püşkatma mərasimi keçirilib. Ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən 1 otaqlı, 2-3 və 4 otaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hamının gözü qarşısında Xətai Rayon İH-nin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra müxtəlif işğal rayonlarından olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 125 ailə yeni mənzillərə sahib olub.
Püşkatmanın şəffaf keçirildiyindən razılıqlarını bildirən və yeni mənzillərə sahib olan Allahyarov Rafiq, Hacıyeva Nüşabə, Allahyarova Hafizə və başqaları ürək sözlərini və sevinclərini bölüşərək onlara göstərilən xüsusi dövlət qayğısından ürək dolusu söhbət açıblar. Onu da bildiriblər ki, doğrudan da, neçə illərdir məskunlaşdıqları bina tam qəzalı vəziyyətdə olduğundan həqiqətən çətin vəziyyətdə yaşayıblar. Ona görə də onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inanıblar və bu günü səbrsizliklə gözləyiblər. Bütün bunlara rəğmən onlara göstərilən xüsusi dövlət qayğısından danışan soydaşlarımız bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün məskunlaşdığımız yararsız və qəzalı vəziyyətdə olan binadan yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməyimiz bizim üçün əsl bayramdır. Bizə bu cür sevinc bəxş etdikləri üçün, yaşadığımız ağır şəraitdən bizi qurtardığına, bizə gözəl şəraitli mənzillər verdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərindən minnətdarıq.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az