Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb 10.11.2017
Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı noyabrın 10-da Binəqədi Rayon İcra Hakimiyyətində növbəti püşkatma mərasimi keçirilib.

Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun müraciəti əsasında Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində özəl şirkətlər və ayrı-ayrı iş adamları tərəfindən inşa olunaraq istifadəyə verilən hündürmərtəbəli yaşayış binalarına Binəqədi rayonu, 9-cu mikrorayondakı təcili tibbi yardım stansiyasının tikintisi yarımçıq qalmış binasında və həmin binanın ətrafında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib.

Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin salınmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.

Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən, qazanılan təcrübənin dünyada bir model kimi qəbul olunmasından söz açan G.Fərhadov bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son illərdə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. O bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşırlar.

XX əsrdə neft sahəsində əldə edilən uğurlardan da danışan Dövlət Komitəsi sədrinin müavini bu günlərdə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısı İlham Əliyevin çıxışına və bu istiqamətdə ölkəmizin əldə etdiyi nailiyyətlərə toxunaraq bildirib ki, dövlətimizin neft sahəsində qazandığı uğurlar qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də müstəsna rol oynayıb. Eyni zamanda, ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, etibarlı tərəfdaş imici tam olaraq formalaşıb və əsas amillərdən biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrilib. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.

Sonra ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən bir, iki və üçotaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hər kəsin gözü qarşısında Binəqədi Rayon İcra Hakimiyyətinin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra işğal altındakı müxtəlif rayonlardan olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 100 ailə yeni mənzillərə sahib olub.

Püşkatmanın şəffaf keçirildiyindən razılıqlarını bildirən və yeni mənzillərə sahib olan Arzu Nəbiyev, Vilayət Əhmədov, İlqar Sadıqov və başqaları sevinclərini bölüşərək onlara göstərilən xüsusi dövlət qayğısından ürəkdolusu söhbət açıblar. Onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inandıqlarını və bu xoş anları səbirsizliklə gözlədiklərini bildiriblər.

Göstərilən xüsusi dövlət qayğısından danışan soydaşlarımız bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün məskunlaşdıqları yararsız və qəzalı vəziyyətdə olan binadan yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülmələrini əsl bayram adlandıran sakinlər bu sevinci onlara bəxş etdikləri üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az