BMT rəsmisi: Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər təqdirəlayiqdir 30.11.2017
BMT rəsmisi: Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər təqdirəlayiqdir
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 29-da BMT-nin qaçqınlar üzrə ali komissarının əməliyyatlar üzrə köməkçisi (müavini) Corc Uilyam Okos-Obbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) arasındakı əməkdaşlıqdan danışan Baş nazirin müavini Əli Həsənov bu qurumun hər zaman ölkəmizdəki qaçqın və məcburi köçkünlərə yüksək səviyyəli yardım göstərdiyini bildirib.

Cenevrəyə səfərini, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşünü məmnunluqla xatırladan Əli Həsənov Azərbaycan Hökuməti ilə BMT QAK arasında səmərəli əməkdaşlığın olduğunu qeyd edib.

Görüşdə komitə sədri qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, artıq 25 ildir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. “Bu münaqişə həmişə Azərbaycanın bir nömrəli problemi olub və hazırda da əsas problemimiz olaraq qalır. 26 il əvvəl Azərbaycan öz müstəqilliyini bərpa edib. Demək olar ki, müstəqillik illəri ərzində ölkəmizdə mövcud olan digər problemlərin hamısı öz həllini tapıb”, - deyə Əli Həsənov vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail olmadığını bildirən Baş nazirin müavini qeyd edib ki, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin ATƏT-in, AŞPA-nın və digər mötəbər təşkilatların qəbul etdikləri sənədlər də kağız üzərində qalıb.

Azərbaycan Prezidentinin müstəqil siyasət yürütdüyünü qeyd edən Əli Həsənov hazırkı dövrdə bu cür siyasəti yürütməyin çox çətin olduğunu, hər ölkənin prezidentinin bunu bacarmadığını vurğulayıb. Bu gün bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Davos Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz idisə, bu gün bu rəqəm 5 faizdir. Qaçqın və məcburi köçkünlər arasında isə yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib. Son 14 ildə Azərbaycanda 1 milyon 700 min yeni iş yeri yaradılıb. Azərbaycan Prezidentinin təsdiq etdiyi strateji istiqamətlərə görə, ölkəmiz 2020-ci ilə qədər inkişaf etmiş dövlətlər sırasına keçəcək, neftdən asılılıq sıfıra düşəcək, ölkədə bir nəfər də olsun yoxsul qalmayacaq.

Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən Əli Həsənov bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir sıra qlobal layihələri uğurla icra edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Komitə sədri deyib: “Bu yaxınlarda Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bununla da tarixi İpək Yolu bərpa olundu. Bütün bunlara görədir ki, bu gün dünyada Azərbaycana böyük maraq var. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu səsvermə zamanı dünya ölkələrinin 155-i Azərbaycanın lehinə səs verdi. Bu, o deməkdir ki, Azərbaycan dünya dövlətlərinin 155-nin rəğbətini qazanıb. Ölkəmiz “Eurovision” mahnı müsabiqəsinə, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi mötəbər idman yarışlarına, beynəlxalq forumlara uğurla ev sahibliyi edir. Azərbaycanın “ASAN xidmət” modeli dünya brendinə çevrilib”.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti də dünya ölkələri üçün nümunə göstərilir. 25 il ərzində Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində 6,6 milyard manat vəsait istifadə olunub. Neft Fondundan ayrılan vəsait hesabına 97 qəsəbə tikilib, 50 min qaçqın və məcburi köçkün ailəsinin mənzil və məişət şəraiti yaxşılaşdırılıb. Bu qəsəbələr bütün lazımi infrastrukturla təmin olunub. Noyabrın 28-də Tərtərdə 97-ci qəsəbənin açılışı oldu. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdi. Orada 34 hündürmərtəbəli bina tikilib, 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, mədəniyyət, tibb obyektləri, poçt inşa olunub.

Baş nazirin müavini qonaqlara aprel döyüşləri barədə də ətraflı məlumat verib. Bildirib ki, işğal altında olan torpaqlarımızın bir hissəsi bu döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən azad edildi. Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış üçün imkan yarandı. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu kənddə ilk olaraq 50 mənzil tikildi və o kəndin sakinləri doğma torpaqlarına qayıtdılar. İkinci mərhələdə isə dövlətimizin başçısı daha 100 mənzilin tikintisi üçün Sərəncam imzaladı. Artıq bu mənzillərin də tikintisi başa çatıb.

Azərbaycanın Birinci vitse-prezidentinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətindən də danışan Əli Həsənov deyib: “Birinci vitse-prezident Mehriban Əliyeva bu vəzifəyə təyin olunandan bu günə qədər 900 məcburi köçkün ailəsinin qəzalı binalardan köçürülməsini təmin edib. Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətə başladığı gündən etibarən bu problemlə məşğul olur. Birinci vitse-prezidentin tapşırığına əsasən Bakıda qəzalı vəziyyətdə olan binalarda yaşayan 4 min ailə yeni mənzillərə köçürüləcək”.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Corc Uilyam Okos-Obbon ali komissar Filippo Qrandinin salamlarını çatdıraraq deyib: “Filippo Qrandi mənə tapşırdı ki, BMT QAK-ın Azərbaycanın yanında olduğunu və ölkənizi dəstəklədiyini sizə çatdırım”.

Corc Uilyam Okos-Obbon Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Hökuməti ölkədəki qaçqın və məcburi köçkün probleminin aradan qaldırılmasında liderlik rolunu öz üzərinə götürüb. Tərtərdə 97-ci qəsəbənin açılışı bunun əyani göstəricisidir. O bildirib ki, səfərlərinin məqsədi də bu humanitar məsələdə Azərbaycana dəstək olmaqdır.

Görüşdən sonra nümayəndə heyəti Dövlətqaçqınkomun sədr müavini Fuad Hüseynovun və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olublar.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az