Məşhur yaponiyalı oftalmoloq Akio Kanaidən daha bir xeyirxah addım 4.12.2017
Məşhur yaponiyalı oftalmoloq Akio Kanaidən daha bir xeyirxah addım
Bildiririk ki, bu yaxınlarda Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri dünya şöhrətli oftalmoloq cənab Akio Kanai Yaponiyanın “Yomiuri”qəzetinin ən yüksək mükafatı “Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatı”na layiq görülmüşdür. Doktor Kanai həmin mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə köməklik məqsədilə ayrılması qərarına gəlmiş və bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub göndərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq humanitar təşkilatlara ölkəmizdə yaratdığı şəffaf və sərbəst şəraitdən yararlanan “Fuji Optical” Co.Ltd şirkəti 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır.
“Fuji Optical” Co.Ltd şirkəti tərəfindən 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləmişdir. 50 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilmiş, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılmışdır. Ümumilikdə, 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb.
Bu xeyirxah missiyanın artıq 12 ildir ki, həyata keçirilməsi bir daha Azərbaycan ilə Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
Görüşlərin birində cənab Akio Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələri ən uğurlu layihələrdən biri olduğunu qeyd etmişdi. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir.
Dünya şöhrətli optometrist hələ 2006-cı ildə BMT QAK tərəfindən təsis edilmiş “Nansen qaçqın mükafatı”na layiq görülmüş və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün su artezian quyusu qazılıb istifadəyə verilmişdir. İnanırıq ki, “Fuji Optical” şirkəti öz xeyirxah missiyasını Azərbaycanda gələcəkdə də davam etdirəcəkdir.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az