Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər 12.12.2017
Xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri və jurnalistlər Tərtərə səfər ediblər
Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa–150” abidəsi ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabrın 11-də Tərtər rayonuna səfərini təşkil edib.
Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. Bu yaşayış kompleksi son 16 ildə Azərbaycanda məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. İndiyədək 53 min ailə - 260 min nəfərə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu yaşayış kompleksi 50 hektar torpaq sahəsində inşa edilib. Burada dördmərtəbəli 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib. Elektrik, su, qaz, istilik təchizatı və bütün digər zəruri infrastrukturla təmin olunmuş kompleksə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın və digər rayonlardan olan məcburi köçkünlər yerləşdiriləcək. Yaşayış kompleksinin tikintisi 1992-ci ildə işğaldan azad olunmuş ərazidə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.
İsveç və Niderland səfirliklərinin nümayəndələrinin yaşayış kompleksi və buraya köçürüləcək insanların məşğulluğu ilə bağlı suallarını cavablandıran Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərə xidmət sahəsində təcrübəsi dünyaya nümunə olan bir modeldir. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda 7 milyon əhalinin bir milyonu qaçqın və məcburi köçkünə çevrilmişdi. İndi onların sayı 1,2 milyona çatıb. Ötən 25 ildə məcburi köçkünlərlə hökumət arasında heç bir narazılıq baş verməyib. Bu, idarəetmənin düzgün təşkili sayəsində mümkün olub. Qaçqın və məcburi köçkünlərlə bağlı siyasətin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev onu daha da təkmilləşdirib.
“Yaşayış kompleksindəki 1170 mənzilə altı min məcburi köçkün yerləşdiriləcək. 50 hektar ərazinin 27 hektarında şəhərcik tikilib, 23 hektarı isə bura köçəcək ailələrə paylanılmaq üçün saxlanılıb. Kompleksə yerləşəcək məcburi köçkünlər əsasən heyvandarlıqla məşğuldurlar və 23 hektar ərazi onların arasında bölünəcək, onlar burada mal-qara saxlaya biləcəklər. Məcburi köçkünlərin bir hissəsi məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və ATS-də işlə təmin olunacaqlar. Bir qismi isə artıq Tərtər rayonunda işlə təmin edilib. Hesab edirik ki, burada işsizlik problemi olmayacaq”, – deyə Əli Həsənov bildirib.
Diplomatlar və KİV nümayəndələri sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar.
Baş nazirin müavini Əli Həsənov məlumat verib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidə, tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini təsdiqləyən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Səfərdə 60-dan çox ölkənin səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onlar səfər zamanı bir çox məlumatlar əldə ediblər. Söhbət zamanı bildirirlər ki, Azərbaycan hökumətinin siyasətinin əsasında insan amili durur. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”.
Diplomatların bir neçəsi səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Niderland səfiri Onno Kervers: “Biz burada gördüklərimizdən çox məmnunuq. Əminik ki, məcburi köçkünlər burada rahat həyat yaşayacaqlar”.
Fransa səfiri Orelia Buşez: “Burada gördüklərim, tikilən binalar məndə xoş təəssürat oyatdı. Bunlar məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yüksək səviyyədə görülmüş işlərdir. Hər bir fəaliyyətin əsasında insan amili dayanmalıdır və biz onu burada gördük. Burada yaşayacaq insanlara xoşbəxtlik, firavanlıq arzulayıram. Hər bir icmanın inkişafı üçün davamlı sülhün və sabitliyin olması çox vacibdir. Fransa ATƏT-in həmsədrlərindən biri kimi, münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
ABŞ-dan olan keçmiş diplomat Ceyms Koyle: “Beş ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tədqiqi ilə məşğulam. Münaqişə ilə əlaqədar fundamental kitab da yazmışam. Bu səfər mənim üçün önəmli bir fürsətdir ki, tədqiqatçı kimi hadisələrlə yerində tanış olum. Azərbaycan hökuməti tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün yaradılan bu şərait inanılmazdır.
Beynəlxalq hüququn münaqişənin həlli ilə əlaqədar norma və prinsipləri artıq məlumdur. BMT nizamnaməsinə əsasən bu prinsiplər çox düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə əməl edilməlidir. Xalqların öz müqəddəratını təyin etməsinə gəlincə, bu, ilk növbədə, dövlətlərin ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız bu prinsiplər əsasında mümkündür”.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az