Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşmüşdür. 30.1.2018
Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşmüşdür.
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko yanvarın 29-da Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qonağın diqqətinə çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.
Həmçinin qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Fuad Hüseynov həmçinin Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulamış, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluğunu bildirmişdir.
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Fuad Hüseynov bildirib ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.
Nümayəndə heyəti daha sonra Zəngilan rayonundan məcburi köçkün Ərşad Priyevin mənzilində olub və ailə ilə söhbət ediblər.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Duarte Paçeko vurğulayıb ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O bildirib ki, ölkəsi də vaxtilə qaçqın və məcburi köçkün problemini yaşayıb. Duarte Paçeko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az