Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir. 17.3.2018
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov martın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sesseranı onun müraciəti əsasında qəbul etmişdir.
Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılmış, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi bir sıra fəaliyyətlər barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirmiş və Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını qeyd etmişdir.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artır.Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Xanım Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verdi və bu işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirdi.
Sonda qəbula görə minnətdarlığını bildirən xanım Elena Aymone Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirmiş, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırmışdır. O həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az