Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub 4.5.2018
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 3-də Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə görüşüb.

Sədr Azərbaycan həqiqətlərinin Fransada yayılmasında Paris Azərbaycan Evinin xidmətlərindən danışıb. O, nüfuzlu dövlət olan Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi səylərini artırmalı olduğunu vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma torpaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır, bu problemlərin həlli istiqamətində lazımi addımlar atılır.

Rövşən Rzayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa-Azərbaycan əlaqələrinin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mehriban xanım Əliyeva ictimai-siyasi, xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, həm də qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.

Komitə sədri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdan soydaşlarımızın yaşayış şəraiti ilə tanış olmaları üçün həmin kəndə səfərin təşkilinin mümkünlüyünü bildirib.

Jan-Fransua Mansel Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qonaq gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb və bunun üçün perspektivlər olduğunu bildirib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az