Dövlət Komitəsinin sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb 29.6.2018
Dövlət Komitəsinin sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbəri Park Kum Okla görüşüb.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin 4 qətnaməsi icra edilmir. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon işğal altındadır. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti 1 milyon 200 min azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə, ölkəmizin qaçqınlıq və məcburi köçkünlük problemləri ilə üzləşməsinə səbəb olub. Azərbaycan dövləti bu problemlərin həlli istiqamətində müntəzəm iş aparır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması məsələlərinə daim diqqət göstərilir.
Dövlət Komitəsinin sədri Koreya Respublikası səfirliyinin, beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Kim Çanq-gyunun Azərbaycanda olan digər ölkələrin səfirləri ilə birlikdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri məmnunluqla xatırlanıb. Vurğulanıb ki, işğaldan azad edildikdən sonra bütün infrastrukturu yenidən qurulan Cocuq Mərcanlıya qayıdan məcburi köçkünlərin daimi yaşayışı üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilib. Kənddə Şuşa məscidinin bənzəri olan məscid, orta məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət ocağı tikilərək sakinlərin istifadəsinə verilib.
Koreya Respublikasının səfirliyi ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən səfir mövcud olan səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib.
Koreya Respublikasının ölkəmizdə bundan sonra da məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az