Dövlət Komitəsi tərəfindən Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylanılıb 15.9.2018
Dövlət Komitəsi tərəfindən Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylanılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki şəhid Novruz Aslanov adına tam orta məktəbin şagirdlərini məktəbli geyimi ilə təmin edib. Məktəbli geyimləri sentyabrın 15-də Bilik günü münasibəti ilə keçirilən tədbirdə şagirdlərə təqdim olunub.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək bildirib ki, Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməzliyinin və işğal altında olan torpaqlarımıza “Böyük qayıdış”ın simvoludur. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında tamamilə yenidən qurulan və bütün lazımi infrastrukturu bərpa olunan kənddə daha güllə səsləri deyil, məktəb zənginin və məsciddən ucalan azanın sədaları eşidilir. Doğma yurda köçmüş sakinlər təhlükəsiz və rahat həyat şəraitində yaşayırlar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyində düşmən mövqeləri yerləşdiyindən kənddə yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində qəhrəman döyüşçülərimizin bu yüksəkliyi geri almasından sonra mövcud təhlükə aradan qalxıb. Məcburi köçkün sakinlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az