Elektron Xidmətlər
Elektron Muraciyet
Etik davranis qaydalari
 
 
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ

 
   
XX əsrin sonlarına yaxın keçmiş SSRİ məkanında gedən ictimai-siyasi proseslər Sovet imperiyasının subyektləri olan bəzi respublikalarda   münaqişələrlə müşayiət olundu. Bu hadisələrdən ən çox əziyyət çəkənlər indiki Ermənistan Respublikasında və Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdə yaşayan dinc azərbaycanlılar oldu. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan torpaq iddiası yüzlərlə yaşayış məntəqəsinin xarabazarlığa çevrilməsi, minlərlə insanın həlak olması,  1 milyona qədər dinc əhalinin öz ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri tərəfindən  işğal edilmiş Azərbaycan torpaqlarından didərgin düşən bu insanların faciəsinin kökləri tarixin daha dərin qatlarına gedir.

Azərbaycanın qədim yurd yerlərindən, zəngin mədəniyyət məbədlərindən sayılan bu ərazilər zaman-zaman qanlı müharibələr meydanına çevrilsə də,  bu  torpaqların əsl faciəsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində başladı.

Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda  İranla müharibələrə başladı. Nəticədə Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu.  1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu.
1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü.
Rus çarının xüsusi himayəsi altında ermənilər az zaman içərisində yerli azərbaycanlıları silah və zor gücünə  qaçqına çevirdilər.
Beləliklə, XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişdi.

Yeni yurd yerlərində məskunlaşan ermənilər az keçmədi ki,  "Dənizdən-dənizə Böyük Ermənistan" xülyasına düşdülər. 1890- cı ildə Tiflisdə “Daşnaksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri bütün Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başladılar. Bu qanlı hadisələr 1905-1907-ci illərdə xüsusilə qabardı. Həmin illərdə Zəngəzurda, Qarabağda və digər bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirildi.

1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin  buraxılması ilə Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdilər

Bu, o zaman idi ki, dünya müharibəsinin qalibləri bu regionda yeni sərhədləri cızmaqla məşğul idilər. Bolşevizmin yayılmasının qarşısını almaq üçün müstəqil Qafqaz respublikalarının mövcudluğunu zəruri hesab edən Qərb dövlətləri yalnız İrəvanın ermənilərə paytaxt olaraq veriləcəyi təqdirdə Azərbaycan Xalq Cumhuriyyətini tanıyacaqlarını bildirdilər. Müstəqilliyini qorumaq və dünya ölkələri tərəfindən tanınmaq üçün Azərbaycan güzəştə getməyə məcbur oldu.
Bu, İrəvan və ona yaxın mahallarda yaşayan yüz minlərlə azərbaycanlının faciəsinə səbəb oldu
 1905-07-ci  və 1918-20-ci  illərdə Zaqafqaziyada  baş vermiş iki qırğın zamanı 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, öz ev-eşiyindən zorla qovuldu.
1920-ci ildə bolşevik Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Türkiyə ilə müharibədə ağır məğlubiyyətə uğrayan daşnak Ermənistanında da bir qədər sonra Sovet hakimiyyəti quruldu.

Sovet Rusiyası 1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ərazisi kiçik olan Ermənistana bağışladı. 1923-cü ildə isə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi haqqında qərar verdi. 1946-48 ci illərdə 100 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirildi.
Xaricdən köçürülən ermənilərin yerləşdirilməsində çətinliklər olduğunu bəhanə edən Ermənistan hökuməti bu respublikada yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürülməsi təklifi ilə İosif Stalinə müraciət etdi. SSRİ Nazirlər Sovetinin  1947-ci il dekabrın 27-də qəbul etdiyi  4083 №-li qərarına əsasən, 1948-1953-cü illərdə 144 654 nəfər azərbaycanlı  zorla Ermənistandan köçürüldü

1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gəzdirdikləri «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün çoxdan hazırladıqları planı ortaya qoydular.1986-cı ildə  Mixail Qorbaçovun Fransaya səfəri zamanı onun xeyir-duasını alan erməni millətçiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı- SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əliyev. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin münasibətindən xəbərdar olan erməni separatçıları və onların Kremldəki havadarları  ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular

 “Dənizdən dənizə Böyük Ermənistan” ideyasının  əsas müəllifi və ilhamvericisi olan “Daşnaksutyun” partiyasının mənzil-qərargahının Parisdən Yerevana köçürülməsi, regionda vəziyyətin son həddə qədər gərginləşməsinə gətirib çıxartdı.

1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirdiyi hadisələrdən sonra  erməni millətçilərinin əli ilə  hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu. Bu etnik təmizləmə  əməliyyatları nəticəsində 216 nəfər qətlə yetirildi ki, bunlardan 57-si qadın, 23-ü uşaq idi.

Beləliklə erməni millətçilərinin 1905-ci ildən başlayan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 1.5 milyon azərbaycanlı didərgin salındı və Ermənistan monoetnik dövlətə çevrildi.

Ermənistandakı etnik təmizləmə əməliyyatını başa çatdıran erməni millətçiləri bütün qüvvələrini Dağlıq Qarabağda cəmləşdirib, bu ərazidə yaşayan erməni separatçıları ilə birgə  öz terrorçu fəaliyyətləri üçün Azərbaycan ərazisini əsas hədəfə çevirdilər

1991-ci ilin yayından başlayaraq Dağlıq Qarabağ ərazisində müharibə açıq xarakter almağa başladı. SSRİ-nin dağılması artıq mütəşəkkil ordu formasında fəaliyyət göstərən erməni hərbi birləşmələrinin Dağlıq Qarabağ ərazisində geniş miqyaslı hərbi əməliyyatlara başlamasına təkan verdi.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri "Dağlıq Qarabağ separatçı qüvvələri"nin qərargah rəisi Arkadi Tomasyanın, müdafiə naziri Serj Sarkisyanın (indiki Ermənistan prezidenti), Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın və digər erməni liderlərinin rəhbərliyi və  keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərində azərbaycanlılara və Axısxa türklərinə qarşı soyqırım cinayətini həyata keçirdilər

Xocalının işğalı zamanı 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə, xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, insanların başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edildi. 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən  Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisi, eləcə də Ermənistanla həmsərhəd rayonların 27  yaşayış məntəqəsi işğal edilib. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkünə çevrilib, 20 min nəfər şəhid, 50 min nəfər əlil olub, 200 min nəfər müxtəlif bədən xəsarəti alıb, 4 853 nəfər isə itkin və girov düşüb.

Hərbi təcavüz nəticəsində Azərbaycanın böyük bir hissəsinin məhsuldar torpaqları işğal olunub. Ölkə  iqtisadiyyatına təxminən 500 milyard ABŞ dollarından çox ziyan vurulub... İşğal olunmuş ərazilərdə yerli əhalinin qoyub getdiyi bütün əmlak ermənilər tərəfindən talan edilib.

Öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlər respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektinə sığınaraq 12 çadır düşərgəsində, 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbədə, 16 fin tipli qəsəbədə, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, yeraltı qazmalarda və s. ağır və dözülməz şəraitli obyektlərdə yaşamağa məcbur oldular.

Azərbaycanda həmçinin 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü ilə yanaşı, çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq, Fələstindən olan 11 min nəfərədək «qaçqın» statusu almaq niyyətində olan şəxs sığınacaq tapıb..

Bu humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyev beynəlxalq təsisatların köməyi ilə yanaşı problemin həllini dövlət səviyyəsində çözməyi vacib hesab edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı əsasında yaradılan Dövlət Neft Fondunun təşkilində də qarşıya qoyulan ən başlıca məqsədlərdən biri Azərbaycanın neftdən əldə etdiyi gəlirlər üzərində şəffaflığın təmin olunması ilə bərabər, həm də Azərbaycan xalqının sosial cəhətdən aztəminatlı insanlarının, qaçqın və məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşdırılmasına yönəltmək idi.

Heydər Əliyev siyasətinin nəticəsi olaraq dünya bazarına çıxan Azərbaycan neftinin ilk vəsaiti məhz qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə, məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib.

Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan   cənab İlham Əliyev  prezident seçkiləri öncəsi bildirmişdi ki, əgər xalq mənə inansa, məni dəstəkləsə növbəti beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Öz sözünə sadiq qalan ölkə prezidenti 2007-ci ilin dekabr ayında  respublika ərazisində olan  12 çadır düşərgəsindən son çadırın da ləğvinə nail oldu. Beləliklə, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına ümumilikdə 3,2 milyon  kv. metr mənzildən ibarət bütün sosial-texniki infrastrukturu ilə birlikdə 95 yeni qəsəbə salınmış, 50 min ailə 250 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bütün bunların nəticəsi kimi həyata keçirilən tədbirlər və beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq, Azərbaycana səfər edən  nüfuzlu təşkilatların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.       
 Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 6,2 milyard manat vəsait sərf edilmişdir. Həmin vəsaitin 2,8 milyard manat büdcə vəsaiti,  2,0 milyardı Dövlət Neft Fondunun,  1,4 milyardı isə beynəlxalq maliyyə qurumları və  ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. 
 Bu gün 21 beynəlxalq və 14 yerli humanitar təşkilat Azərbaycanın qaçqın, məcburi köçkün və aztəminatlı əhalisinə müxtəlif istiqamətlərdə yardım göstərir.        

Beynəlxalq humanitar təşkilatlardan 7-i BMT agentliklərini, 6-ı ABŞ-ı, 5-i Avropa  və 3-ü  Şərq ölkələrini təmsil edir.

Onların şəffaf və sərbəst fəaliyyəti vahid mərkəzdən əlaqələndirilir. Prezident İlham Əliyevin fikrincə, əgər 1990-cı illərin əvvəllərində onların fəaliyyəti olmasaydı, bu humanitar fəlakət çox acı nəticələrə gətirib çıxara bilərdi.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş ölkəmizə  səfəri zamanı qeyd etmişdir: «Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan Hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir».

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 2012-ci il 26 aprel tarixində daha bir nüfuzlu beynəlxalq təşkilata BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir. 

Azərbaycan Respublikası 1992-ci ilin dekabrında BMT-nin 1951-ci il  «Qaçqınların statusu haqqında» Konvensiyasına və onun 1967-ci il Protokoluna qoşulmuş,  qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq normalara tam uyğun hüquqi baza yaradılmışdır.

Ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanmış, uzunmüddətli Dövlət Proqramları  təsdiq edilmiş, Nazirlər Kabineti 368 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul etmişdir.
Azərbaycanın işğal altında olan 20 faiz ərazisində infrastruktur tamamilə dağıdılıb, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə zorla yerləşdirilir. Tərkibində BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də iştirak etdiyi ATƏT-in  Minsk Qrupunun Həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında işğal altında olan Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür halların bir daha şahidi olublar.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, NATO PA, AŞPA, İKT və başqa təşkilatların qəbul etdiyi qərarlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün hüquqi baza yaratsa da, Ermənistan bunların heç birinə əməl etmək istəmir. Nə beynəlxalq təşkilatlar, nə də insan haqlarının müdafiəsindən ağızdolusu danışan bəzi dairələr isə sanki bunu görmür. 
 
Bunun da səbəbi aydındır... Çünki, bu gün Ermənistan Respublikasına rəhbərlik edən şəxslər vaxtı ilə Dağlıq Qarabağ ərazisində separatizmi alovlandıran, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qanlı cinayətlərin iştirakçılarıdırlar. Yüz minlərlə insanın faciəsi hesabına hakimiyyətə gəlmiş bu şəxslərin qeyri-konstruktiv mövqeyi bu gün təkcə Azərbaycanın qaçqın əhalisini deyil, elə Ermənistan Respublikasının vətəndaşlarını da ağır vəziyyətə salıb. Ermənistan bütün regional layihələrdən təcrid olunub. Ölkə əhalisi aclıq və səfalət içində yaşayır. Erməni diaspora təşkilatları 20 il bundan əvvəl bu münaqişəni dünyaya  dini münaqişə kimi çatdırsalar da, bu gün onlara gizli və aşkar dəstək verən, onlarla yaxından əməkdaşlıq edən dövlətlərin siyahısına baxdıqda bunun nə qədər cəfəng bir ideya olduğu aydın görünür.
Azərbaycan hökuməti bu gün köçkünlərin bilavasitə ehtiyaclarının təmin etmək üçün əlindən gələni edir. Müvəqqəti olaraq hazırda yaşadıqları yerlərdə işləmələri və təminatı üçün tədbirlər görür. Lakin dünya bilməlidir ki, bu azərbaycanlıların problemlərinin yeganə həlli yolu onların öz torpaqlarına qayıtmasıdır. Bu, hər bir insanın haqqıdır. Azərbaycan hökuməti nəyin bahasına olursa-olsun buna nail olmaq üçün səylər göstərəcəkdir.

 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az