Elektron Xidmətlər
Elektron Muraciyet
Etik davranis qaydalari
 
 
Beynəlxalq təşkilatlar


 

          Donor ölkə, beynəlxalq humanitar təşkilat 

və maliyyə qurumları ilə əməkdaşlıq 

nəticəsində həyata keçirilən tədbirlər


-Beynəlxalq humanitar və inkişaf təşkilatlarının xətti ilə məcburi köçkünlərə humanitar yardım göstərilməsinin davam etdirilməsi prioritet olaraq qalmalıdır.

 -Bu, təkcə dövlətin, yaxud da beynəlxalq humanitar təşkilatların məsələsi deyildir. Hər bir Azərbaycan vətəndaşının vəzifəsi və borcudur ki, qaçqınlara və məcburi köçkünlərə kömək göstərsin. Çünki onlar ədalətsiz təcavüzdən əziyyət çəkən, ən çətin vəziyyətdə yaşayan insanlardır. Öz torpaqlarını itirmiş insanlardır və onların problemi bizim hamımızın problemləridir.

-Azərbaycanda fəaliyyət göstərən qurumlar, strukturlar mütləq və mütləq humanitar təşkilatlara kömək göstərməlidirlər. Çünki biz istədiklərimizə ancaq birlikdə nail ola bilərik.

                                                                                      İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 17 fevral tarixdə Bakı şəhərində “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda beynəlxalq konfransda çıxışından

    Ötən dövrdə göstərilən fövqəladə humanitar yardımın çox böyük, xüsusi əhəmiyyəti olmuşdur.
     Bu müddət ərzində dövlət tərəfindən görülən ardıcıl tədbirlərlə yanaşı, Azərbaycana humanitar yardım göstərən donor ölkə, beynəlxalq maliyyə, humanitar və inkişaf təşkilatlarının gərgin əməyi nəticəsində humanitar böhran nisbətən aradan qaldırılmış və hazırda layihələr əsasən davamlı inkişafa istiqamətləndirilmişdir.
     Bu sahədə beynəlxalq standartlara uyğun müvafiq qanunvericilik bazası yaradılmış, beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatlarının fəaliyyətinin vahid mərkəzdən koordinasiya edilməsi və tam şəffaf, qarşılıqlı, nümunəvi  əməkdaşlıq şəraitinin yaradılması təmin edilmişdir.
   
 18 may 2000-ci ildə Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin iştirakı iləİnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfrns keçirilmişdir. Həmin tədbirdə ümummilli lider  Heydər Əliyev çıxış etmiş və çıxışında qaçqın və məcburi köçkün probleminin ölkədə bir nömrəli problem olduğunu, beynəlxalq və  yerli humanitar təşkilatların bu sahədə gördükləri işləri yüksək qiymətləndirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Həmin tədbirdə Azərbaycan Hökumətinin humanitar yardımdan inkişafa doğru strategiyası irəli sürülmüşdür.






18 may 2000-ci ildə Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin iştirakı ilə "İnkişaf Problemlərivə Strateji İstiqamətlər" mövzusunda keçirilmiş beynəlxalq konfrans

Ölkə Prezidenti cənab İlham Əliyev 2004-cü il fevralın 17-də “Gülüstan”  Sarayında “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxış etmiş, qaçqın və məcburi köçkün probleminin ölkədə prioritet məsələ olduğunu bir daha vurğulamış, onların problemlərinə diqqətlə yanaşılması və ölkəmizdəki beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanlarına konkret tapşırıqlar vermiş və demişdir ki, 1990-cı illərin əvvəllərində beynəlxalq təşkilatların həlledici fəaliyyəti olmasaydı, bu humanitar fəlakət çox acı nəticələrə gətirib çıxara bilərdi.     

     Cənab İlham Əliyev konfransdakı çıxışında həmçinin qeyd etmişdir ki, bu gün Azərbaycanın əsas problemi Ermənistan tərəfindən 20 faiz torpaqların işğalı və bir milyona qədər qaçqın və məcburi köçkünün olmasıdır və bu, ölkənin bir nömrəli problemi olaraq qalmaqla dövlət tərəfindən görülən tədbirlərlə bərabər beynəlxalq humanitar və inkişaf təşkilatlarının xətti ilə digər inkişaf proqramları ilə yanaşı, məcburi köçkünlərə müxtəlif növ humanitar yardım göstərilməsinin davam etdirilməsi prioritet olaraq qalmalıdır.



 




2004-cü il fevral ayının 17-də beynəlxalq humanitar təşkilatların  10 illik fəaliyyətinə həsr olunmuş “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı.

     -2005-ci il 4 iyul tarixdə Bakı şəhərində Avropa Şurası Parlament Assambleyasının Qaçqınlar üzrə Ali Komitəsinin sədri xanım Rut-Qabi Vermot-Manqoldanın iştirakı ilə “Cənubi Qafqazda Köçkün Düşmüş Əhali” mövzusunda seminar keçirilmişdir.
      Latviyalı parlamentar cənab Çileviçin başçılığı ilə nümayəndə heyətinin çadır düşərgələrində, dəmiryolu yük vaqonlarında, yataqxana binalarında və yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşündən sonra hazırladığı hesabat əsasında 2006-cı il aprel ayının 13-də Avropa Şurası Parlament Assambleyasının Qaçqınlar, Miqrasiya və Əhali Komitəsində “Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqın və məcburi köçkünlər” adlı izahedici memorandum əsasında müvafiq qətnamə qəbul edilmişdir.



       
      

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə 2004-2017-ci illər ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 1200-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkəmizdə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 900-dən çox səfəri təşkil edilmişdir.


-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 3 aprel tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru Yakob Kellenberqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.





-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 25 iyul tarixdə BMT-nin “Ümumdünya Ərzaq Proqramı”nın icraçı direktoru  Ceyms Morrisin  rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 26 aprel tarixdə ABŞ-a səfəri zamanı Azərbaycanda fəaliyyət göstərən ABŞ qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüşdür. “Soros” Fondu, “Human Rayts Voç”, “Fridom Haus”, “İREX”  təşkilatlarının və Milli Demokratiya İnstitutunun nümayəndələrinin iştirak etdiyi həmin görüşdə qeyri-hökumət təşkilatlarının təmsilçiləri Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirmişlər.  


-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-ci il 17 avqust  tarixdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşin rəhbərlik  etdiyi nümayəndə heyətini qəbul etmişdir.



-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 2 aprel tarixdə  BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.



 
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il 19 may tarixdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşin rəhbərlik etdiyi nümayəndə  heyətini qəbul etmişdir.



-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il 6 fevral tarixdə Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator Natali Qulinin rəhbərlik etdiyi  nümayəndə heyətini qəbul etmişdir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il 10 iyun  tarixdə Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatlarının  fəaliyyətinin aidiyyəti dövlət orqanları ilə koordinasiyası Azərbaycan
Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli Sərəncamına və 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komis­siyası tərəfindən əlaqələndirilməklə, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsi vasitəsilə həyata keçirilir.
   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası öz fəaliyyətini respublikamızdakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, daha çox ehtiyac duyulan, ciddi narahatlıq doğuran vacib məsələlərin aidiyyəti dövlət orqanları və beynəlxalq humanitar və inkişaf təşkilatları, donor ölkə və maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur. 
    Hazırda fəaliyyətləri həmin Komissiya tərəfindən əlaqələndirilən 20 beynəlxalq, 24 yerli humanitar və bu sahədəki inkişaf təşkilatlarının xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.
    Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır. Bu, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları, donorlar, humanitar və inkişaf təşkilatlarının rəhbərləri  tərəfindən səsləndirilən rəydir.
      Komissiya həmin təşkilatların dövlət qeydiyyatına alınması, viza, vergi s. məsələlərinin, bir milyondan çox qaçqın məcburi köçkünlərin, o cümlədən həmin ərazilərdə yaşayan əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq, yerli humanitar onların təsis etdikləri inkişaf təşkilatları ilə  birlikdə təhlillər və müzakirələr aparılmasını,  prioritetlərin müəyyənləşdirilməsini təmin edir.
     1993-2014-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf  təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı humanitar və inkişaf layihələri üzrə təxminən 970 mln. ABŞ dolları həcmində yardım göstərilmişdir.
   2000-2002-ci illərdə beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən təsis edilmiş 14 bank olmayan kredit təşkilatı da qaçqın və məcburi köçkünlər arasında  kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində konkret tədbirlər həyata keçirmişlər. Təxminən 200 mln. ABŞ dolları həcmində kredit portfelinə malik olan həmin təşkilatlar tərəfindən 2000-2010-cu illər ərzində 200 min nəfərdən çox fəal müştəriyə xidmət göstərilmişdir.           
      Beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlər üçün 12 çadır düşərgəsi, 16 fin tipli qəsəbə salınmış, 8000 sadə daş və çiy kərpicdən ev tikilmiş, 160 min nəfər qaçqın və məcburi köçkün gəlir əldəetmə və icmanın inkişafı proqramlarına cəlb olunmuş, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş ərazilərində 700 şəxsi ev təmir və ya bərpa edilmiş,  600 ictimai bina təmir olunmuş, 470 məktəb və səhiyyə obyektləri üçün əlavə otaqlar tikilmiş və lazımi avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunmuş, icma inkişafı, kənd təsərrüfatı, təhsil, səhiyyə, mikro-kredit, gəlirəldəetmə, peşə təlimi, vətəndaş cəmiyyətinin inkişafı, infrastrukturun bərpası və s. layihələr həyata keçirilmişdir.
     İsveçrə Hökuməti tərəfindən maliyyələşdirilən və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilmiş “Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kəndin inkişafı və ərzaq təchizatı üzrə imkanların artırılması” layihəsi 2 fazada icra edilmişdir.

    1-ci fazasının ümumi dəyəri 664.000 ABŞ dolları (Azərbaycan Hökumətinin payı isə 61.000 ABŞ dolları) olmuş,  2009-2012-ci illəri əhatə edən 2-ci fazanın ümumi dəyəri isə 1.750.000 ABŞ dolları (255 min ABŞ dolları Azərbaycan Hökumətinin payıdır) təşkil etmişdir. Həmin layihədən faydalananların sayı 3100 ailə 13 min nəfər olmuşdur.

Azərbaycan Respublikasında beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi haqqında qısa
Məlumat


Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı”na əsasən ölkədəki beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyəti Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi vasitəsilə həyata keçirilir.

Həmin Komissiyanın sədri Baş nazirin müavini cənab Əli Həsənovdur.

Komissiya həmin təşkilatların dövlət qeydiyyatına alınması, viza, vergi və s. məsələlərinin, bir milyondan çox qaçqın və məcburi köçkünlərin, o cümlədən aztəminatlı əhalinin həyat səviyyəsinin yaşılaşdırılması, sosial problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları ilə birlikdə təhlillər və müzakirələr aparılmasını, prioritetlərin müəyyənləşdirilməsini, onların həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edir.
Eyni zamanda həmin kateqoriyalardan olan əhalinin ərzaq, qeyri-ərzaq malları, sığınacaqla təmin olunması, səhiyyə, təhsil, mikro-maliyyə, özlərini saxlamaq üçün gəlir əldə edilməsilə bağlı iş yerlərinin yaradılması, onların arasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə uzunmüddətli, davamlı iqtisadi, sosial və demokratik, vətəndaş cəmiyyətinin inkişafını təmin etməyə yönəlmiş layihələrin icra edilməsini koordinasiya edir.

Həmçinin infrastrukturun normal vəziyyətə salınması, icma inkişafı layihələrinin istiqamətləndirilməsi, ölkəyə daxil olan humanitar yüklərin vergi və rüsumlara cəlb olunmadan, xidmət haqqı ödənilmədən rəsmiləşdirilməsi, təyinatı üzrə çatdırılması, işğaldan azad olunmuş ərazilərdə evlərin bərpası və qəsəbələrin salınması, repatriasiya, reabilitasiya, inkişaf layihələrinin yerinə yetirilməsi və s. məsələləri vahid mərkəzdən Xarici İşlər Nazirliyi, İqtisadiyyat
və Sənaye Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və  İdman Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Mərkəzi Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Statistika Komitəsi, Bərpa Agentliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, şəhər və rayon icra hakimiyyətləri, digər aidiyyəti dövlət və bələdiyyə orqanları ilə əlaqələndirir.

Komissiya tərəfindən yuxarıda göstərilən problemlərin həlli, inkişaf proqramları və nəzərdə tutulan digər layihələrlə bağlı məsələlər vaxtaşırı olaraq xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq maliyyə qurumlarının, donor ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq maliyyə qurumlarının, donor ölkələrin, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının rəhbərləri və nümayəndələri ilə ətraflı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr və ərazilər əvvəlcədən Komissiya və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq həyata keçirilir, nəzərdə tutulan layihələr həmin təşkilatların rəhbərləri ilə keçirilən görüşlərdə, aylıq iclaslarda, həmçinin seminar-müşavirələrdə əvvəlcədən ətraflı təhlil edilir, görüləcək perspektiv işlər müəyyənləşdirilir.

Beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları öz fəaliyyətləri barədə hər rübün və ilin sonunda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına müvafiq formalara uyğun hesabat təqdim edirlər.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 dekabr tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 iyun tarixli 250 nömrəli Fərmanına əsasən fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə onların təsis etdikləri inkişaf təşkilatları (işəgötürənlər) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqının ödəməkdən azad edilirlər (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində).

Qeyd: Bütün bu işlərin vahid mərkəzdən əlaqələndirilməsi məqsədilə bu sahədə olan müraciətlərin Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovun adına ünvanlanması məqsədə müvafiqdir.
 

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF)  və Dünya Bankı tərəfindən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər

 

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun başlıca vəzifəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə infrasturkturun, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək, onlar üçün iş yerləri açmaq, kiçik biznesin inkişafına yardım etməkdən ibarətdir.

Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyətləri orqanları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə qurur, məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdığı ərazilərdə sosial sorğular keçirir, təhlillər və tədqiqatlar aparır, təkliflər verir, proqnozlar hazırlayır, müxtəlif istiqamətlər üzrə icma mikrolayihələrinin hazırlanmasına kömək edir, həmin layihələrin qiymətləndirilməsini aparır və məqsədəuyğun hesab olunanların layihə-tender sənədlərinin hazırlanmasını və həyata keçiriliməsini təmin edir.

MKSİF-in ali idarəetmə orqanı olan Müşahidə Şurasının tərkibinə Azərbaycan Hökumətinin, beynəlxalq, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər donor təşkilatların nümayəndələri də daxil edilmişdir.

2001-2005-ci illər ərzində “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üzrə Dünya Bankı tərəfindən birinci tranşla Azərbaycan Hökumətinə ayrılmış 10 milyon ABŞ dolları həcmində (Azərbaycan Hökumətinin payı 0,7 milyon ABŞ dolları) güzəştli kredit vəsaitindən 7 milyon ABŞ dolları məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə  infrastrukturun bərpasına, 2,1 milyon ABŞ dolları isə yeni iş yerlərinin yaradılması üçün  mikrokreditlərin ayrılmasına yönəldilmişdir.

Layihə uğurla başa çatdırılmış, 30 şəhər və rayonda 170 min nəfərədək məcburi köçkünün faydalandığı 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilmişdir.

Layihənin davam etdirilməsi məqsədi ilə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında 2005-ci ildə bağlanılmış, ümumi dəyəri 12,6 milyon ABŞ dolları olan (11,5 milyon ABŞ dolları Bankın güzəştli kredit vəsaiti, 1,1 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı) yeni Kredit Sazişinə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən  110 min nəfərin (80 %-i məcburi köçkündür) faydalandığı 168 mikrolayihə həyata keçirilmişdir.

2008-ci il mayın 15-də “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə”ni həyata keçirmək məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan Hökuməti arasında 2009-2011-ci illəri əhatə edən yeni Layihə Sazişi imzalanmışdır. Ümumi dəyəri 24,19 milyon ABŞ dolları təşkil edən həmin Layihədə 15,0 milyon ABŞ dolları Dünya Bankının kredit vəsaiti,  8,69 milyon  ABŞ dolları isə Azərbaycan Hökumətinin payı olmuşdur.
     Dünya Bankı və Azərbaycan Hökuməti arasında 2011-ci il 10 noyabr tarixində dəyəri 78 milyon ABŞ dolları olan (həmin vəsaitin 50 milyon ABŞ dolları Dünya Bankının ayırdığı kredit, 28 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payıdır) "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"nə dair yeni Kredit Sazişi imzalanmışdır.
      Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 325 min nəfərin faydalandığı və dəyəri 32 milyon manat təşkil edən 550 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür.Həmin layihə üzrə həmçinin 10 ildə 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 50 min nəfər məcburi köçkün faydalanmışdır.
Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında imzalanmış " Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına 101 icma mikrolayihəsi icra olunmuş, 242 nəfər gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirmiş, 14 idman kompleksi, 22 kompyuter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılmışdır.
      

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az