ERMƏNİSTAN TƏRƏFİNDƏN APARILAN TƏCAVÜZUN NƏTİCƏLƏRİ


Ermənistan silahlı qüvvələri tərəfindən əraziləri işğal olunmuş və ya zərər çəkmiş, Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan rayonlar barədə

 

MƏLUMAT 

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2- erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşmışdır.

Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam (ərazisinin 62,8 faizi işğal altındadır), Cəbrayıl, Füzuli (ərazisinin 79,3 faizi işğal altındadır), Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri - Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndləri artıq 24 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Hal-hazırda ölkədə bir milyon 200 min 450 nəfər qaçqın, məcburi köçkün “qaçqın” satusu almaq niyyətində olan sığınacaq axtaran şəxs vardır.

Ermənistanın
hərbi təcavüzü respublikanın 17 min kv.km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 000 evin, 7000 ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının,  695 tibb müəssisələrinin, 927 kitabxananın, 44 məbədin, 9 məscidin, 473 tarixi abidələr, saraylar və muzeylərin, 40 000 muzey eksponatlarının, 6000 sənaye və kənd təsərrüfatı müəssisələrinin, 2670 km avtomobil yollarının, 160 körpünün, 2300 km su kommunikasiyalarının, 2000 km qaz kommunikasiyalarının, 15 000 km elektrik xətlərinin, 280 000 ha meşələrin, 1 000 000 ha kənd təsərrüfatı üçün yararlı torpaqların və 1 200 km irriqasiya sistemlərinin  dağıdılmasına səbəb olmuşdur.
Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv  etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli  40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən  500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).

 
...bizim ali vəzifəmiz, məqsədimiz işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və yerlərindən didərgin düşmüş soydaşlarımızı öz yurdlarına qaytarmaqdır.
 
Heydər Əliyev
 
QARABAĞ HƏQİQƏTLƏRİ
 
 
«Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır».
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
16 sentyabr 2010-cu il
 
 
Qarabağ. Qədim Azərbaycan torpağı. Azərbaycan musiqisi və ədəbiyyatına çoxlu sayda korifeylər vermiş milli mədəniyyə­timizin beşiyi, xalqın intellektual həyatının ocağı olaraq onlarla görkəmli mütəfəkkir, alim, həkim, pedaqoq yetişdirmiş diyar. Azərbaycan millətinin və onun dövlətçiliyinin formalaşması tarixinin canlı muzeyi. Artıq iyirmi ildən çoxdur ki, “Qarabağ” kəlməsi dünya mətbuatının səhifələrindən, siyasi və humanitar təşkilatların gündəliyindən düşmür – 1988-ci ildə Ermənistan tərəfindən başlanan Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bundan ən çox əzab çəkən isə yüz minlərlə sadə insan, işğal nəticəsində cansız çöl-biyabana dönmüş torpaqdır - bir vaxt çiçəklənən torpaq...
Qarabağ ən qədim sivilizasiya ocaqlarından biridir. Azərbaycan arxeoloqları tərəfindən kəşf olunan və erkən paleolitə aid edilən Azıx mağarası ona dəlalət edir ki, bu ərazilər lap qədim dövrlərdən insan məskəni olmuşdur. Tunc dövrü bu ərazidə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid edilən çoxsaylı tapıntılarla təmsil olunur.
Antik dövrdən başlayaraq bütün mərhələlərdə Qarabağın tarixi Azərbaycan dövlətçiliyinin tarixi ilə sıx bağlı olub. Artıq qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ Azərbaycan dövləti olan Qafqaz Albaniyasının önəmli əyalətlərindən biri olmuşdur. Sonrakı dövrlərdə Qarabağ ərazisi, ardıcıl olaraq, tarixi Azərbaycan hüdudlarında mövcud olmuş feodal dövlətlərin ərazisinə aid olmuşdur.
XVIII əsrin ortalarında yaranmış və XIX əsrin əvvəlinədək mövcud olan Qarabağ xanlığı Azərbaycanının ən qüdrətli xanlıqlarından biri olmuşdur. Azərbaycanın Rusiya imperiyası tərəfindən istilasından və daha sonra SSRİ-nin tərkibinə daxil olduğu dövrlərdə də Qarabağ Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olmaqda davam edib.
Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra regionun etnik tərkibində dəyişikliklər baş verdi – Azərbaycan və qismən də Gürcüstan torpaqları ermənilərin ərazi iddiaları obyektinə çevrildi. Onların “Böyük Ermənistan” xülyasına dair çoxəsrli strateji planları reallaşmağa başladı. XIX əsrin əvvəllərindən başlayaraq, ermənilərin işğalçı niyyətləri Qarabağı hədəfə alır. Rusiya imperiyası erməniləri kütləvi şəkildə Türkiyə və İran ərazilərindən Qarabağa köçürür. Məhz bu siyasətin nəticəsidir ki, əzəli Azərbaycan torpaqlarında ermənilərin sayı intensiv şəkildə artmağa başlamış, onların ərazi iddiaları millətlərarası harmoniya və ölkənin ərazi bütövlüyü ilə bağlı problemlərin təməlini qoymuş, bölgədə hazırkı hərbi-siyasi gərginliyə gətirib çıxarmışdır.
1905-1906, 1918-1919-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın gizli məqsədi ərazi iddialarından, Azərbaycan əhalisini məhv edərək, tarixi Azərbaycan torpaqlarını işğal etmək niyyətindən ibarət olmuşdur. Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər) ermənilərin ərazi iddiaları bir çox tarixi Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa da sirayət etmişdir.
Sovet hakimiyyəti dönəmində ermənilər Qarabağın Ermənistana birləşdirilməsinə dair bir neçə cəhd etmiş, hətta Stalinin köməyi ilə bölgənin dağlıq və aran hissələrə bölünməsinə, dağlıq hissədə muxtar qurumun – Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılmasına nail olmuşlar.
Bütün sovet dövrü ərzində Azərbaycan dövlətinin tərkib hissəsi olan DQMV, respublikanın digər bölgələri ilə bərabər səviyyədə, istər sosial-iqtisadi, istərsə də mədəniyyət sahələrində uğurla inkişaf etmişdir. Buna baxmayaraq, erməni millətçiləri öz separatçı planlarından əl çəkməmiş, SSRİ-nin zəifləməsi fonunda onların məkrli istəkləri daha qabarıq şəkildə üzə çıxmışdır. 80-ci illərin sonunda Ermənistan şovinist dairələri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına dair bir sıra antikonstitusion hərəkətlərin təşəbbüskarı olmuşdur.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.
Ermənistan və DQMV-də fəal şəkildə qanunsuz erməni hərbi birləşmələri yaradılmağa başlanıldı. 1988-ci ildən başlayaraq, Sovet ordusunun bir sıra hərbi hissələrinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla həmsərhəd və Dağlıq Qarabağla qonşu olan yaşayış məntəqələrindən 700 min nəfərədən artıq azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburən köçkün düşmüş və ölkənin 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.
İlk dövrlərdə məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalar və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdır.
Ermənistandan, işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayondan didərgin salınmış və öz doğma torpaqlarını itirmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin ümumi sayı bir milyondan çoxdur!
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 7 kəndi hələ də işğal altındadır.
BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən təxirəsalınmaz, tam və qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilmişdir. Lakin 18 il keçməsinə baxmayaraq həmin sənədlərin icrasında heç bir irəliləyiş olmamışdır.
Hazırda Azərbaycan əhalisinin hər doqquz nəfərdən biri didərgin düşmüş şəxsdir ki, bu da dünyada əhali nisbətinə görə çox yüksək göstəricidir.
Müharibə, vaxtilə çiçəklənən və inkişaf edən diyara dağıntılar, viranələr və tənəzzül gətirmişdir. İşğalın törətdiyi humanitar fəlakətlə yanaşı, təcavüzkarların vandalizmi və qarətçiliyi nəticəsində minlərlə ev, sənaye və kənd təsərrüfatı müəssisəsi, sosial yönümlü obyektlər, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət abidələri məhv edilmişdir.
İşğalçı dövlət – Ermənistan, beynəlxalq hüququn tələblərinə, BMT-nin erməni ordusunun bütün işğal olunmuş ərazilərin boşaldılmasına çağıran 4 qətnaməsinə məhəl qoymamaqda davam edir. Sakinsiz qalmış, talan edilmiş, bütün infrastrukturu dağıdılmış Qarabağ zor gücünə öz doğma torpaqlarından didərgin salınmış köklü əhalisini, vaxtilə şəhər və kəndlərin qaynayan həyatının bərpasını gözləməkdə davam edir.
 
KEÇMİŞ HAQDA XATİRƏLƏR
 
Şuşa
Şuşa rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km², əhalisi 29 700 nəfərdir (01.01.2011). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.
Səthi dağlıdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m).
İşğaladək rayonda ittifaq əhəmiyyətli sanatoriya-kurort kompleksi fəaliyyət göstərmişdir. Rayonun iqti­sadiyyatında heyvandarlıq əsas yer tutmuşdur. İşğaldan əvvəl rayonda Azərbaycan Pedaqoji institutunun,
Azərbaycan Neft Kimya institutunun Şuşa filialları, 24 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tədris müəssi­səsi, tibb məktəbi, 8 uşaq musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu, musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, texniki peşə məktəbi, meşə sağlamlıq məktəbi, mədəniyyət evi, kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana, mərkəzi rayon xəstəxanası, 11 feldşer-mama məntəqəsi, sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası, təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji poliklinika fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub.
 
 
Xocalı
Xocalı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazda, Qarabağ silsiləsinin şimal-şərq yamacındadır. Sahəsi 940 km², əhalisi 26 500 nəfərdir (01.01.2011). İnzibati mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi 26 fevral 1992-ci il tarixindən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd, Daşkənd kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi, 4 həkim ambulatoriyası fəaliyyət göstərib.
İşğaldan əvvəl Xocalı rayonu ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIII-XIV əsrinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən Son Tunc və Erkən Dəmir dövrünə (b.e. əvvəl XIV-XIII əsrdən VII-VI əsrə kimi) aid edilən Xocalı abidələr kompleksi - 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr və daş qutular olmuşdur.
 
Xocavənd
Xocavənd rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1460 km², əhalisi 42 100 nəfərdir (01.01.2011). İnzibati mərkəzi Xocavənd şəhəridir. Rayonun ərazisi 2 oktyabr 1992-ci il tarixindən erməni silahlı quvvələrinin işğalı altındadır.
Rayona Xocavənd şəhəri, Hadrut, Qırmızı Bazar qəsəbələri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeyçartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşçular, Kəndxurd, Müşkapat, Quzumkənd, Qarazəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, o cümlədən qədim Azıx mağarası (təqr. 1,2 mln. il əvvəl), qalalar (I-VIII əsrlər), alban məbədi (X əsr), türbə (XIII əsr) və s. mövcud olub.
 
 
Laçın
Laçın rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Respublikanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 1840 km², əhalisi 74 100 nəfərdir (2015). Mərkəzi Laçın şəhəridir. Rayon 18 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Laçın şəhəri, Qayğı qəsəbəsi və Ağbulaq, Alxaslı, Əhmədli, Hacılar, Güləbird, Cağazur, Quşçu, Minkənd, Mirik, Mişni, Sadınlar, Şeylanlı, Ağcakənd, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Fərəcan, Bozlu, Qalaca, Bülündüz, Ayıbazar, Birinci İpək, Vaqazin, Bozgüney, Kalafalıq, Hacıxanlı, Qovuşuq, Budaqdərə, Hoçaz, Mollalar, Uludüz, Avazlar, Daşlı, Vəlibəyli, Narışlar, Hətəmlər, Kaha, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Zabux, Sus, Qızılca, Bəylik, İrçan, Çəmbərəxaç, Xumarta, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Zerti, Xırmanlar, Ağbulaq, Birinci Tığik, İkinci Tığik, Qarıqışlaq, Soyuqbulaq, Qılıçlı, Zeyvə, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, Qozlu, Fingə, Qorçu, Zağaltı, Qoşasu, Alpout, Bülövlük, Kürdhacı, Ərikli, Hacısamlı, Qarasaqqal, Kamallı, Çıraqlı, Qarakeçdi, Katos, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Dəyirmanyanı, Tərxanlı, Dəyhan, Baldırğanlı, Oğuldərə, Ağalaruşağı, Pircahan, Seyidlər, Qaraçanlı, Piçənis, Xaçınyalı, Köhnə Corman, Sonasar, Mayıs, Təzəkənd, Haqnəzər, Ərdəşəvi, Səfiyan, Xanalılar, Suarası, Türklər, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Unannovlu, Ərəb, Turşsu, Şəlvə, İmanlar, Dambulaq, Şamkənd, Ələkçi, Bozdoğan, Çorman, Nağdalı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 101 ümumtəhsil məktəbi, 2 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, texniki peşə məktəbi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir, rayon ərazisində memarlıq abidələrindən - alban məbədi (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1718-ci il), saray (1716-cı il), körpü (XVIII əsr) və s. qeydə alınmışdır.
 
 
Kəlbəcər
Kəlbəcər rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 3050 km², əhalisi 88 300 nəfərdir (2015). Mərkəzi Kəlbəcər şəhəridir. Rayon 2 aprel 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və Zivel, Keşdək, Nadirxanlı, Taxtabaşı, Həsənriz, Qozlu, Qozlu Körpü, Narınclar, Çərəktar, Lev, Abdullauşağı, Qaraçanlı, Ağyataq, Fətalılar, Mozkənd, Ağdaban, Çayqovuşan, Ağcakənd, Oruclu, Zağalar, Təzəkənd, Yenikənd, Əli Bayramlı, Vəzirxana, Almalıq, Laçın, Əsrik, Çoban Kərəkməz, Çorman, Aşağı Ayrım, Yuxarı Ayrım, Boyaqlı, Bağlıpəyə, Vəng, Bağırlı, Başlıbel, Xallanlı, Əlirzalar, Şahkərəm, Çovdar, Dalqılıclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Dəmirçidam, Qanlıkənd, Zar, Vəng, Yellicə, Alolar, Kaha, Həsənlər, Armudlu, Təkdam, Zəylik, Hopurlu, Şeyinli, Zülfuqarlı, Qaragüney, Keçiliqaya, İstibulaq, Göydərə, Ağdaş, Qamışlı, Bağırsaq, Comərd, Qaragüney, Nəcəfalılar, Pirilər, Kilsəli, Alçalı, Quşyuvası, Qılıçlı, Quzeyçirkin, Alçalı, Mərçimək, Ağqaya, Çopurlu, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Günəşli, Allıkənd, Boyur, Alçalı, Orta Qaraçanlı, Baş Qaraçanlı, Aşağı Qaraçanlı, Tatlar, İmambinəsi, Xolazəy, Alxası, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Sınıq Kilsə, Başkənd, Tirkeşəvənd, Zərqula, Qazxanlı, Qalaboyun, Qaraxançallı, Çaykənd, Kəndyeri, Kilsə, Aşağı Xaç, Mişni, Çəpli, Elyaslılar, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Yuxarı Şurtan, Soyuqbulaq, Təkəqaya, Babaşlar, Bozlu, Çıraq, Tövlədərə, Məmmədsəfi, Yanşaq, Zallar, Yanşaqbinə, Dovşanlı, Bazarkənd, Hayad, Qızılqaya, Yuxarı Oratağ, Vəngli, Çormanlı, Şahmansurlu, Heyvalı, Dəvədaşı, Yayıcı, İmarət Qərvənd, Çapar, Zərdəxaç, Kolatağ, Damğalı, Çıldıran, Mehmana kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 44 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası fəaliyyət göstərib, bir sıra tarixi və memarlıq abidələri, o cümlədən alban məbədləri (XIII-XVIII əsrlər) və s. qeydiyyata alınıb.
 
 
 
 
Ağdam
Ağdam rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşir. Sahəsi 1150 km², əhalisi 191 700 nəfərdir (2011). Mərkəzi Ağdam şəhəridir. Ağdam şəhəri və rayonun əksər hissəsi 23 iyul 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Erği, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) və Şotanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Sarıcalı, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Baş Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazançı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinciyüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli, Mərzili kəndləri daxildir.
Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıdır. İşğaldan əvvəlki dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.
İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.
 
 
 
 
Cəbrayıl
Cəbrayıl rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 km², əhalisi 76 600 nəfərdir (2015). Mərkəzi Cəbrayıl şəhəridir. Rayon 23 avqust 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir.
Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü), şimalda alçaq dağlıdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri).
İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutub. İşğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub müəssisəsi, 78 kitabxana, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və s.) mövcud olub.
 
 
 
Füzuli
Füzuli rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km², əhalisi 125 400 nəfərdir (2015). Mərkəzi Füzuli şəhəridir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixindən erməni işğalı altındadır.
Rayona Füzuli şəhəri, Horadiz şəhəri, 16 yeni salınmış qəsəbə (Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4, Zobucuq-5) və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgar, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşadlı, Hacılı, Mirzəcamallı, Zərgar, Qızılqışlaq, Ağbaşlı, Murtuzalılar, Hüngütlü, Sərdərli, Şıxımlı, Gövşatlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərib.
Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, o cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. qalmışdır.
 
 
 
Zəngilan
Zəngilan rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 710 km², əhalisi 42 700 nəfərdir (2015). Mərkəzi Zəngilan şəhəridir. Rayon 29 oktyabr 1993-cü il tarixdən erməni işğalı altındadır.
Rayona Zəngilan şəhəri, Üzümçülər, Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Mincivan qəsəbələri, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, Sarıl, İkinci Alıbəyli, Zəngilan kənd, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Hacallı, Həkəri dayanacağı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Bartaz, Bartaz dayanacağı, Qarqulu, Məmmədbəyli, Babaylı, Cahangirbəyli, Tatar, Tiri, Turabad, Vəliqulubəyli, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, Nəcəflər, Tağlı, Yusiflər, Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Cəyəli, Çöpədərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Muğanlı, Şamlı, Vənətli, Şərikan, Bürünlü, Seyidlər, Şəfibəyli, Məşədiismayıllı, Vejnəli, Ağbənd, Əmirxanlı, Orta Yeməzli, Aşağı Yeməzli, Yuxarı Yeməzli, Quyu Dərə Xəştab, Sarallı Xəştab, Zərnəli, Havalı, Yenikənd, Rəbənd kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası və s. fəaliyyət göstərmişdir, tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304-1305 illər), sərdabələr (XII - XIV əsrlər) və s. qeydə alınmışdır.
 
 
 
Qubadlı
Qubadlı rayonu – Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-qərbində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Sahəsi 800 km², əhalisi 38 900 nəfərdir (2015). Mərkəzi Qubadlı şəhəridir. Rayon 31 avqust 1993-cü il tarixdən erməni işğalı altındadır.
Rayona Qubadlı şəhəri, Əliquluuşağı, Mahmudlu, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənlı, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaxlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaqlı, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qilican, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Başarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərcik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskənlı, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Yuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli, Qundanlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 62 ümumtəhsil məktəbi, kitabxana, klub, 4 xəstəxana və s. fəaliyyət göstərmiş, rayon ərazisində memarlıq abidələrindən mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr (XIV – XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə alınmışdır.
 
 
 
 
QARABAĞ GERÇƏKLİYİ
 
«Bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb. İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir».
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
20 oktyabr 2010-cu il
 
 

Xocalı. Xatın, Liditse, Sonqmi və Srebrenitsanın dəhşətli taleyini yaşamış bu şəhərin adı dünyada artıq ümumi isim olmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalını mühasirəyə almışdı. Dinc əhalinin şəhəri tərk etməsi üçün guya açılmış “təhlükəsizlik dəhlizi” reallıqda bir tələ imiş – bu dəhlizlə həyatını xilas etmək istəyən dinc sakinlər amansızlıqla güllələnmiş, onlara qarşı əsl genosid aktı həyata keçirilmişdir. Xocalı soyqırımı zamanı erməni güllələrindən 613 nəfər, o cümlədən, 106 nəfər qadın, 83 azyaşlı uşaq və 70 qoca öldürüldü, 1000 nəfərə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onların 150-sinin taleyi hələ də məlum deyil...
 
 
GƏLƏCƏYƏ İNAMLA
 
«Bu gün işğal altında olan bütün şəhərlərimizi, bütün infrastrukturu gələcəkdə bərpa edəcək və məcburi köçkün soydaşlarımızın doğma torpaqlarına
qayıtması üçün bütün şəraiti yaradacağıq».
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
4 oktyabr 2008-ci il
 
 
 
Vaxt gedir, erməni qoşunları tərəfindən ölkə ərazisinin bir hissəsinin işğalının davamı nəticəsində Azərbaycanın itkiləri artır – torpaqlarımızın sərvətləri vəhşicəsinə talan edilir, yeddi arxa dönənimizdən bəri azərbaycanlıların əlləri ilə yaratdıqları hər şey məhv edilir, hətta əcdadlarımızın mövcudluq izləri belə silinir.
Artıq iyirmi ilə yaxın vaxt keçmişdir, lakin Qarabağla bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır. Və bu, demək olar ki, bütün beynəlxalq təşkilatların – BMT-nin, Avropa Şurasının və ATƏT-in çoxsaylı qərarlarına məhəl qoymadan baş verir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4, 1993-cü ildən 2008-ci ilədək BMT-nin Baş Assambleyası tərəfindən erməni qoşunlarının Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğaldan azad etməyə çağıran 3 qətnamə qəbul edilmişdir.
Ermənistan hərbi qüvvələri atəşkəs rejimini mütəmadi olaraq pozur, Azərbaycan ərazilərini atəşə tutur, Azərbaycan ordusunun əsgərlərini və sərhədyanı ərazilərdə yaşayan dinc əhalini qətlə yetirir. 8 mart 2011-ci il tarixdə Ağdam sakini, 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsi bu gün də davam edən erməni təcavüzünün amansızlığının bariz nümunəsidir.
Zaman keçir, Ermənistanın qeyri-konstruktiv və ikiüzlü mövqeyi hələ də əzəli Azərbaycan torpaqlarının işğal altında qalmasına şərait yaradır. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququ (BMT-nin nizamnaməsində hərbi təcavüzkarın dəf edilməsi hüququ qeyd olunub) və imkanı olan Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə, ikitərəfli və çoxtərəfli danışıqlar vasitəsi ilə həll etməyə səmimi şəkildə səy göstərir.
Ermənistanla münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz tərəfdarlığını nümayiş etdirən Azərbaycan cəbhə xəttinin keçdiyi ərazilərə yaxın yerlərdə intensiv tikinti və bərpa işləri aparır, qaçqınlar və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələr salır, təzə yollar çəkir, elektrik, su və qaz xətlərini yeniləyir. Bu yaşayış məntəqələri uşaq bağçası və orta məktəbdən tutmuş müasir tibb mərkəzlərinə, su elektrik stansiyaları və sutəmizləyici qurğulardan tutmuş Olimpiya komplekslərinə qədər bütün müasir infrastruktur obyektləri ilə təchiz olunur. Dövlət yerli fermerlərə güzəştli kreditlər verir, ərazidə kənd təsərrüfatı məhsullarının saxlanması və emalı üçün müəssisələr tikir.
Ölkə başçısının Fərman və Sərəncamlarına əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Füzuli rayonunun ərazisində 4125 ailə, 18169 nəfər üçün hər cür sosial-texniki infrastruktura malik 16 ( Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq 4, Zobucuq-5) qəsəbə, Ağdam rayonunun ərazisində isə 5012 ailə, 21776 nəfər üçün hər cür sosial-texniki infrastruktura malik 17 (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Erği, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) qəsəbə tikilmişdir. Füzuli rayonunun 4944 evdən ibarət 21 yaşayış məntəqəsində ( Horadiz şəhəri, Əhmədbəyli, Qazaxlar, Mirzənağılı, Arayatılı, Babı, Mollaməhərrəmli, Kərimbəyli, Yağlıvənd, Şükürbəyli, Böyük Bəhmənli, Mahmudlu-1, Mahmudlu-2, Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Qarabağ, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Alıxanlı) işğal vaxtı dağıdılmış 4381 evdən 2952 ev bərpa edilmiş, 1429 ev isə bərpa olunmaqdadır.
Məgər Qarabağ probleminin birmənalı olaraq hərbi yolla həllini seçmiş tərəf düşmən ordusu ilə təmas xətti yaxınlığında dinc həyatın qurulmasına yüz milyonlarla dollar vəsait qoyardımı?
Azərbaycan xalqı ümid edir ki, Qarabağ münaqişəsi nəhayət öz ədalətli həllini tapacaq və yüz minlərlə insan öz torpağına, doğma ocağına qayıdacaq.
 
 
«Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq».
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
1 sentyabr 2010-cu il
 
  
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az