Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı 22.11.2017
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər.
Sonraki illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılmış və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilmişdir.
Qeyd edirik ki, cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılmış, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılmışdır.
Həmçinin bildirilmişdir ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər.Maraqlıdır ki, onlar nə üçün müraciət etmirlər və Əlövsət Sadıqlı əgər doğrudan onların hüquqları ilə məşğuldursa nə üçün onların müraciət etməsi ilə məşğul olmur.Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib.
Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıbdır.
Məlumat üçün bildiririk ki, bütün bunlara baxmayaraq bu təbəqədən olan məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilmişdir.
Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinə Dövlətqaçqınkomun rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə baxmayaraq guya “Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradaraq özünü onların “himayədarı” qismində aparan Əlövsət Sadıqlı bir qurup məcburi köçkünü də ətrafına toplayaraq noyabrın 1-də Nazirlər Kabinetinin qəbul otağnda yığışmışlar. Məsələ ilə bağlı onlara lazımi izahatlar verilmişdir. Lakin Əlövsət Sadıqlı öz niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq onu öz facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi “Azad Söz” facebook səhifəsində yerləşdirmiş və həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham etmiş və onlar haqqında təhqiramiz fikirlər səsləndirmişdir.
Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qurup şəxs noyabrın 15-də yenidən Dövlətqaçqınkomda vətəndaşların qəbul günündə Dövlətqaçqınkomun inzibati binasının qarşısına gəlmiş və burada şüarlar səsləndirərək aksiya təşkil etməyə cəhd göstərmişlər. Onların müraciəti əsasında Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşmüş və onlara ətraflı izahatlar vermişdir.
Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün facebook səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirmiş və həmin məsələlərə təhqiramiz “şərhlər yazan” şəxslərin fikirlərini paylaşmışdır.
Əlövsət Sadıqlı özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər.
Əlavə olaraq bildiririk ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əmək haqqına heç bir aidiyyəti yoxdur.Lakin Əlövsət Sadıqlı Ağdam rayon İcra Hakimiyyətini aldadaraq oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. Hazırda Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb.
 
 
idpsCopyright © 2017
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az