Dövlət Komitəsində QHT rəhbərlərinin bir qrupu ilə görüş olub 4.9.2018
Dövlət Komitəsində QHT rəhbərlərinin bir qrupu ilə görüş olub
Sentyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərlərinin bir qrupu ilə görüş keçirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş cəmiyyəti quruculuğunda və ölkəmizdə demokratiyanının daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirərək, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində də onların dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Azərbaycan dövləti onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam etdirilir. Bu il istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır.
Komitə sədri məcburi köçkünlərin hüquqi cəhətdən maarifləndirilməsinə, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə, doğma torpağa bağlılıq hissinin gücləndirilməsinə qeyri-hökumət təşkilatlarının daha böyük töhfələr verə biləcəklərini vurğulayıb, onları bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib.
Görüşdə QHT rəhbərləri çıxış edərək məcburi köçkünlərlərin problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərə dair fikirlərini ifadə edib, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı rəy və mülahizələrini bildirib, bir sıra təkliflər irəli sürüblər.
Prezident İlham Əliyevin apardığı siyasətin xalqımızın və dövlətimizin mənafeyinə tam cavab verdiyini, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dərin inam yaratdığını qeyd edən QHT rəhbərləri vətəndaş cəmiyyəti institutlarının, ictimai təşklatların məcburi köçkünlərin böyük qayıdışa hazırlanmasına bundan sonra da fəal dəstək verəcəklərini bildiriblər.
Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərin və birgə fəaliyyətin davamlı olacağı diqqətə çatdırılıb.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az